Müdafiə Nazirliyi Serj Sarkisyana cavab verdi
12 Avqust 2014 Çərşənbə Axşamı 00:14
Müdafiə Nazirliyinin Ermənistan Prezidentinə cavabında deyilir: Ermənistanın müasir silah və texnikası yoxdur.
"Azərbaycan Respublikasına ancaq düşmən münasibətdə olan qurumun başçısı Serj Sarkisyanın "armnews" informasiya agentliyinə verdiyi müsahibəsində Azərbaycan dövlətinin və xalqımızın ünvanına səsləndirdiyi hədə-qorxu dolu fikirlər heç bir təsir qüvvəsinə malik deyil və onun özünün də inanmadığı, erməni xalqının sevdiyi nağıldır, fərziyyədir".

ANS PRESS-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Ermənistan Prezidentinə cavabında deyilir.

Müdafiə Nazirliyi bildirir ki, Xocalının, Dağlıq Qarabağın digər kənd və qəsəbələrində, o cümlədən, onun ətrafındakı yeddi rayonun yaşayış məntəqələrində törətdiyi cinayətlərdə əli günahsız insanların qanına batmış bu cani ən yaxın zamanda Azərbaycan xalqı və beynəlxalq ədalət məhkəməsi qarşısında bütün məsuliyyəti ilə mütləq cavab verəcəkdir:

"Azərbaycan dövləti yalnız öz torpaqlarını, Dağlıq Qarabağı erməni separatçılarından təmizləmək və ərazi bütövlüyünü bərpa etmək niyyətindədir.

S.Sarkisyanın dediyi ballistik raketlərə gəlincə isə, qətiyyətlə bəyan edirik ki, Ermənistan Silahlı Qüvvələrinin sərəncamında olan bu hərbi texnika Azərbaycanın malik olduğu ən müasir silah və texnika ilə heç cür müqayisə edilməzdir. Ermənistan ordusunun təchizatında olan keçmiş sovet dövründən qalma, nasaz, vaxtı keçmiş və köhnəlmiş silah-sursat, o cümlədən, maye yanacaq mühərrikli "Skat" tipli raketlər nəinki hər hansı bir obyekti məhv etməyə, heç havaya qalxmaq belə imkanına malik deyildir.

Əgər bu prosesdə Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara əl atarsa, o zaman ən yeni, müasir və yüksək dəqiqliyə malik silahlarla təchiz olunmuş Azərbaycan Ordusu Ermənistan ərazisindəki istənilən hərbi infrastrukturu və strateji obyektləri darmadağın edəcək.

S.Sarkisyanın öz müsahibəsində söylədikləri Ermənistan dövlətinin və onun hərbi-siyasi cinayətkar rejiminin işğalçılıq siyasətindən əl çəkmədiyinə əyani sübutdur. Bu isə Ermənistan dövlətinin süqutuna və tam məhvinə səbəb olacaqdır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar