Müdafiə Nazirliyi erməni generalın hədəsinə cavab verdi
16 Oktyabr 2012 Çərşənbə Axşamı 12:33
Eldar Sabiroğlu: Bunu düşmənin növbəti boşboğazlığı kimi qəbul edirik.
"Düşmən bu cür danışmağa adət edib. Dəfələrlə belə cəfəng və sərsəm bəyanatların şahidi olmuşuq. Bunu düşmənin növbəti boşboğazlığı kimi qəbul edirik. Onun gücü və ağlı özününkü deyil, kənardan gəlmədir". ANS PRESS-in məlumatına görə, erməni generalı Artak Davityanın Azərbaycanın neft və qaz infrastrukturunun vurulmasına yönəlmiş hədələri ilə bağlı Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun açıqlamasında belə deyib.

"Əvvəla, Azərbaycanın neft və qaz yataqları dünyanın ən böyük dövlətləri və şirkətləri ilə birgə istifadədir. İkincisi, Azərbaycan öz neft və qaz yataqlarının istismarını həyata keçirdiyi kimi, onu qorumağı da bacarır və hava hücumundan müdafiə üçün nə gərəkdirsə bütün tədbirlər əsas diqqət mərkəzindədir. Əksinə düşmənin anlaması lazımdır ki, Azərbaycanın Silahlı Qüvvələrinə məxsus yeni raket sistemləri Ermənistanın istənilən strateji obyekt və hədəflərini vurmağa qadirdir. Bunları boşuna səsləndirmirik.

Sadəcə Azərbaycanın gündən-günə inkişafı, əldə etdiyi uğurlar, dövlət büdcəsində müdafiə xərclərinin yenə də artırılması Ermənistanı çıxılmaz vəziyyətə salıb. Ona görə də daxili publikaya hesablanmış belə ağılsız bəyanatlarla erməni ictimaiyyətinin etirazlarını azaltmağa çalışırlar. Hədənin başlıca məqsədi məhz bundan ibarətdir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar