Müdafiə Nazirliyi birgə təlimlə bağlı rəsmi məlumat yayıb
24 İyun 2010 Cümə Axşamı 18:10
Təlimə 4000 şəxsi heyət, 100 tank, 77 zirehli döyüş maşını, 125 artilleriya sistemləri, 17 döyüş təyyarəsi, 12 döyüş və 4 nəqliyyat-döyüş vertolyotu cəlb edilib.
2010-cu il iyun ayının 21-dən 24-dək Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələri ilə irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Azərbaycan Respublikasına qarşı yönəlmiş silahlı təcavüzün dəf edilməsi məqsədi ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması və təşkili, birinci müdafiə həddində müdafiə əməliyyatının aparılması, müasir silah sistemləri və aviasiyanın tətbiqi ilə düşmənə böyük dərəcədə zərər yetirilməsi, müxtəlif güc strukturlarının birləşmə və hissələrinin birgə hücum əməliyyatı aparmaqla müdafiəyə soxulmuş düşmən qruplaşmasının darmadağın edilməsi, əməliyyat ehtiyatlarının döyüşə yeridilməsi ilə hücumun dərinliyə inkişafı və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi” mövzusu üzrə irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib.

Ümumilikdə təlimə 4000 nəfərdən çox şəxsi heyət, 100 tank, 77 ədəd zirehli döyüş maşını, 125 ədəd artilleriya sistemləri, 17 ədəd döyüş təyyarəsi, 12 ədəd döyüş vertolyotu və 4 ədəd nəqliyyat-döyüş vertolyotu cəlb edilib.

Təlim rəhbərliyi tərəfindən qarşıya aşağıdakı məqsədlər qoyulub:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin birgə döyüş tətbiqinin planlaşdırılması üzrə qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi.

2. Müdafiə əməliyyatı gedişində müxtəlif güc strukturlarının birləşmə və hissələrinin uzlaşmış fəaliyyətinə nail olunması, əməliyyatın müxtəlif mərhələlərində qoşunlar arasında koordinasiyanın və qarşılıqlı əlaqənin təmin edilməsi.

3. Genişmiqyaslı hücum əməliyyatının aparılması, ölkə ərazisinə soxulmuş düşmən qüvvələrinin darmadağın edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası üzrə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birlik, birləşmə və hissələrinin birgə fəaliyyətlərinin uzlaşdırılması.

24 iyun 2010-cu il tarixində, təlimin əsas mərhələsində aviasiya zərbələrinin və artilleriya sistemlərinin döyüş atışının praktiki idarə olunması, hava desantının çıxarılması, müxtəlif qoşun növləri və xüsusi qoşunların hücum əməliyyatında tətbiqi sualları işlənib, birləşmə və hissələrin taktiki fəaliyyətləri və silah sistemlərinin real atışları həyata keçirilib, müxtəlif güc strukturlarının birləşmə və hissələri arasında qarşılıqlı əlaqənin saxlanılması təmin edilib.

Təlimin əsas mərhələsini Azərbaycan Respublikasının prezidenti, ali baş komandan cənab İlham Əliyev izləyib.

Təlimə cəlb edilən birləşmə və hissələr tərəfindən qarşıya qoyulan bütün məqsədlərə nail olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar