Mübariz Qurbanlı: Kazan görüşündə irəliləyişlərin əldə edilməsi mümkündür
20 İyun 2011 Bazar Ertəsi 14:52
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı belə hesab edir
- Mübariz müəllim, bir neçə gündən sonra Kazan şəhərində Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüşü gözlənilir. Bu görüşdə münaqişənin həlli ilə əlaqədar müəyyən sənədlərin qəbul olunması haqqında proqnozlar verilir. Bu barədə nə deyə bilərsiniz?
- Həqiqətən də, bu cür proqnozlar verilir. Rusiyanın xarici işlər naziri S.Lavrov da açıqlamasında Kazan görüşündə müəyyən irəliləyişin olacağını bildirmişdi. Eyni zamanda, KİV-lərdə, xarici mətbuatda da ümidverici fikirlər səslənir. Həmçinin, bugünlərdə Avropa Parlamentinin xarici əlaqələr komitəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələri burada iştirak ediblər və AP-nin üzvlərinin suallarını cavablandırıblar. Həmin müzakirələrin özündə də tərəflərə münaqişəni tezliklə həll etmək çağırışı eşidilməkdədir. Burada bir məqamı qeyd etmək istərdim ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib. Əlbəttə, Kazan görüşünə biz ümidlə yanaşırıq. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin hücum diplomatiyası çox böyük səmərə verməkdədir.

- Sizcə, Kazan görüşü ərəfəsində belə ümidverici bəyanatların səslənməsi hansı amillərlə bağlıdır?
- Bu ümidverici bəyanatların səslənməsi təsadüfi deyil. Bütün bunlar Azərbaycanın apardığı məntiqi siyasətin nəticəsidir. İndi dünya sürətlə dəyişməkdədir. Təsəvvür edin ki, Ermənistanın özündə vaxtilə Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsinin təbliğatçılarından, təşkilatçılarından olan şəxslərin verdiyi açıqlamalarda işğal olunmuş ərazilərin qaytarılması haqqında fikirlər səsləndiyini görməkdəyik. Yəni Ermənistanın özündə müharibə partiyasının nümayəndələri belə gerçəkliyi görməkdə və işğal olunmuş torpaqların qaytarılması ilə bağlı fikirlər səsləndirməkdədirlər. Doğrudur, bu fikirlərin arxasında başqa məqamlar gizlənir. Ermənilərin verdiyi açıqlamalardan belə çıxır ki, işğal olunmuş beş rayonu qaytarmalı, Kəlbəcər və Laçınla bağlı məsələlər ermənilərin istədiyi kimi həll olunmalı, eyni zamanda, guya Dağlıq Qarabağ ayrıca dövlət kimi tanınmalıdır. Bu erməni radikallarının iddiasıdır. Amma belə bir məşhur deyim var: gərək iddian müddəana uyğun gəlsin. Yəni sənin irəli sürdüyün iddianın həyata keçirilməsi üçün fiziki, siyasi, mənəvi, ideoloji, psixoloji imkanların varmı? Ermənistanın bu imkanları tükənib. Ümumiyyətlə, Ermənistan tamamilə tükənib. Bu dövlət regional, beynəlxalq siyasətdə tükənib. Bu tükənmənin də ciddi səbəbləri var. Bir zamanlar hansısa qüvvələr Ermənistanı Qafqazda «vuran ələ» çevirmək, ondan bir vasitə kimi istifadə etmək istəyirdilər. Amma indi Ermənistan o qədər tükənib ki, artıq bu işə yaramır. Təhlillər aparsaq, Cənubi Qafqazda ən böyük marağı olan dövlətlərdən birinin Rusiya olduğunu deyə bilərik. Rusiyanın xarici siyasətində müəyyən keyfiyyət dəyişikliyi müşahidə olunmaqdadır. İndi Rusiyanın hakim elitası belə bir siyasəti ortaya qoymaq istəyir ki, bu və ya digər bölgədə güc tətbiq etmək bumeranq effekti verir. Ona görə də, həmin bölgələrdə ən yaxşı siyasət mehriban qonşuluq siyasətidir. Xüsusilə iqtisadi maraqlar üzərində qurulan siyasət önəmlidir. Bu siyasət Rusiyanı cəlbedici dövlətə çevirə bilər. Bu siyasət davam etdirilərsə MDB ölkələri Rusiya ilə münasibətlərini daha səmimi şəkildə qura bilərlər. Bütün bunlar hiss olunmaqdadır.

- Bəs geopolitik və iqtisadi maraqlar bu prosesdə nə dərəcədə rol oynayır?
- Bir məqamı xüsusi vurğulamaq istəyirəm. Müasir dünyamızda əvvəllər biz daha çox geopolitik maraqlardan danışırdıq. Geopolitik maraqlar və geopolitikanın siyasi və hərbi tərəfləri əvvəlki onilliklərdə, xüsusilə 20-ci əsrin axırlarında xüsusi rol oynayırdı. Çünki 20-ci əsrin ikinci yarısından bu yana son müharibə illərində başlıca güc mərkəzi hərbi-siyasi baxımdan daha çox imkana malik olan ölkə hesab olunurdu. Ancaq soyuq müharibə arxada qalıb. Bu gün dünya keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və keyfiyyət dəyişikliyində geopolitikadan daha çox geoekonomikanın üstünlük təşkil etdiyini görməkdəyik. Bu gün geoekonomika anlayışı gündəmdədir. Yəni indi dünyada hərbi nöqteyi nəzərdən güclü olmaq cəlbedici deyil. Bu gün dünyada cəlbedici olmağın yeganə yolu iqtisadi cəhətdən maraq kəsb etməkdir və bu baxımdan biz bölgəyə nəzər salsaq, Azərbaycan Cənubi Qafqazın ən cəlbedici ölkəsidir. Azərbaycanın Ermənistanın təcavüzü nəticəsində üzləşdiyi Dağlıq Qarabağ probleminə yanaşma Prezident İlham Əliyevin irəli sürdüyü keyfiyyətcə yeni bir konsepsiya ilə özünü doğrultmaqdadır.

- Bu konsepsiyanın əsasında hansı amillər dayanır?
- Konsepsiyanın əsasında vacib məsələlər dayanır. Birincisi, xarici siyasətimiz hücumçu diplomatiyaya istinad edir. İkincisi, işğalçı Ermənistanı taqətdən salma xəttini həyata keçirilir. Bu iqtisadi cəhətdən taqətdənsalmadır. Bu amilin psixoloji, siyasi baxımından işğalçılara ciddi təsiri var. Üçüncüsü, Azərbaycan Prezidenti ölkəmizin dostlarının sayının artırılması və dünya miqyasında mövqeyinin gücləndirilməsini nəzərdə tutur. Ölkəmizin beynəlxalq müstəvidə mövqeləri son 10 ildə daha sürətlə güclənib. Bu gün bütün sahələrdə Azərbaycan dünya siyasətində və bölgədə həlledici rola malik olduğunu göstərməkdədir.
Bilirsiniz ki, Milli Məclis tərəfindən may ayında dövlət büdcəsinin gəlir və xərc hissəsi artırıldı. Bunun nəticəsində büdcəyə 3,5 milyard manat əlavə vəsait daxil oldu. Bu vəsait bütövlükdə Ermənistanın dövlət büdcəsindən artıqdır. Əgər Azərbaycan öz büdcəsinə düzəliş edərkən Ermənistanın büdcəsindən artıq vəsaiti dövriyyəyə daxil edə bilirsə işğalçı dövlət bizimlə yarışa bilərmi? Müharibə cəbhədə gedir, amma cəbhədəki müharibənin nəticələri arxa cəbhədəki qüvvələr nisbətindən asılıdır. Arxa cəbhədə kim üstündürsə, o daim qələbə qazanır. Arxa cəbhə isə iqtisadiyyatdır, mənəvi-psixoloji durumdur və ölkə daxilində sabitlikdir. Bu faktorlar Azərbaycanda özünü tam şəkildə doğruldub. Gəlin Ermənistanla başqa bir müqayisə aparaq. Azərbaycan qərb-şərq nəqliyyat dəhlizinin mərkəzində yerləşir. Ona görə də, Azərbaycan həm qərbi Avropa, həm də bölgə ölkələri üçün Ermənistanla dağla dərə kimi fərqə malikdir. Azərbaycan zirvədədir, Ermənistan isə dərənin dibindədir. Ona görə də, Ermənistan bu bölgədə əhəmiyyətini itirib, forpost rolunu oynayır. Amma işğalçı ölkə nə qərbin, nə də şimalın forpostu ola bilmədi və bilməyəcək də. Son dövrün hadisələrinə nəzər yetirək. Fransa Minsk qrupunun həmsədridir və erməni lobbisinin bu ölkənin siyasətinə təsir etdyi barədə fikir formalaşıb. Ancaq ermənilərin daim düşmənçilik etdiyi Türkiyəyə qarşı Fransa Ermənistanla bu məsələdə son vaxtlar həmrəylik nümayiş etdirmir. Çünki hər bir ölkənin milli marağı var. Dövlət öz milli maraqlarını başqa ölkələrin maraqları naminə güzəştə getmir. Hazırda bu gün Fransanın milli marağı Türkiyə ilə qarşıdurmaya yox, əməkdaşlığa sövq edir. Ona görə də, ermənilərin güvəndiyi şəxslər onlara arxa çevirir. Çünki Türkiyənin dünyada nüfuzu və mövqeyi güclənməkdədir. Bu gün Türkiyənin ÜDM həcmi 800 milyard dollara yaxındır və bu dövlət gələcəkdə iqtisadi inkişaf baxımından dünya 10-cusu olmağı hədəfləyib. Artıq Türkiyənin artan nüfuzu Ermənistanın Türkiyə əleyhinə forpost kimi istifadə edilməsini heçə endirib. Digər məsələləri də nəzərdən keçirək. Ermənistan bölgədə Gürcüstana təzyiq vasitəsi kimi istifadə edilə bilərdi. Amma işğalçı dövlətin daxilində baş verən proseslər onu məcbur edir ki, Gürcüstanla yaxınlaşmaq siyasəti yeritsin.
Ermənistan Azərbaycana qarşı təcavüz etsə də, bundan erməni xalqı udmayıb. Və Ermənistanın iqtisadi tənəzzül və fəlakət həddi erməni cəmiyyətini öz hakimiyyətinə təzyiq etməyə sövq etməkdədir. Ermənistan qərbi Avropa, həmçinin ABŞ üçün elə də vacib ölkə deyil. Yəni Ermənistan dalana dirənib.

- Azərbaycanın öz hərbi potensialını artırmasına münasibət müəyyən dairələrdə birmənalı deyil. Bəzi dairələr iyunun 26-da keçiriləcək hərbi paradın güc nümayişi olduğunu iddia edirlər. Sizin bu məsələyə münasibətiniz necədir?
- İlk növbədə deyim ki, dalana dirənmiş Ermənistanı yedəyində aparan ölkə işğalçı dövlətin iqtisadiyyatına nə qədər kapital qoysa da, Azərbaycanla yarışda uduzacaq. Çünki Azərbaycan sürətlə inkişaf edir, ölkəmizin iqtisadi gücü Ermənistanda yoxdur. Artıq Ermənistan kiminsə yedəyində də yer tapa bilmir. Yəni işğalçı dövlət arabanın beşinci təkəri də, ehtiyat təkəri də ola bilmir və olmayacaq.
Bu gün hərbi baxımdan da Azərbaycan işğalçı dövlətdən xeyli öndə gedir. Ölkəmizin hərbi sənayesi formalaşıb, Azərbaycan hərbi təhlükəsizliyini, hərbi təminatını reallaşdırmaq üçün geniş proqram həyata keçirir. Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrdə fransalı həmsədr B.Fasyenin belə bir fikri səslənib ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən artıqdır, Azərbaycan silahlanmaya diqqət yetirir və s. Yəni Fasye bunları Azərbaycanın xeyrinə olmayan nöqteyi nəzərdən söyləyib. Amma cənab Fasyeyə sual olunur: Azərbaycan nə etməlidir? Ölkəmizin 17.2 min kvadrat kilometr ərazisi işğal olunub. İşğal olunmuş ərazilərini azad etmək Azərbaycanın hüququdur. BMT-nin Nizamnaməsinin 51-ci maddəsi buna tam əsas verir. Eyni zamanda BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Bundan əlavə, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədlər qəbul edib. Bu hüququnu təmin etmək üçün Azərbaycan diplomatik siyasəti ilə bərabər hərbi gücünü artırmalıdır. Təcavüzə məruz qalan ölkənin öz hərbi gücünü artırması qəbahət deyil. Qəbahət təcavüzkarın öz hərbi potensialını artırması və başqalarının torpağını ilhaq etməkdir. Ona görə də, hesab edirəm ki, Azərbaycanı hərbi gücünü artırmaqla bağlı həmin dinləmələr zamanı səslənən fikirlərin heç bir əsası yoxdur.
Bilirsiniz ki, hərbi parad Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək. Azərbaycanın gücünü və qüdrətini bütün dünya iyunun 26-da keçirilən hərbi paradda görəcək. Bir daha qüvvələr nisbətinin bütün istiqamətlərdə Azərbaycanın xeyrinə dəyişdiyini hər kəs anlayacaq. Ölkəmizin mənəvi, psixoloji, iqtisadi, sosial, siyasi üstünlüyü nəticə etibarilə xarici dairələri Ermənistana təzyiq göstərməyə vadar edəcək.

- Necə hesab edirsiniz, Azərbaycan cəmiyyətinin Kazan görüşündən gözləntiləri özünü doğruldacaqmı?
- Prezidentlərin Kazan görüşü ərəfəsində yuxarıdakı təhlillərlə yanaşdıqda Ermənistanın hər tərəfdən yolunun bağlandığını görməkdəyik. Belə ki, Türkiyə ilə sərhədi açmaq cəhdləri puça çıxıb, Rusiya Ermənistandan istifadənin tükəndiyini görür, Qərbdə erməniləri yedəkdə aparmağın mümkün olmadığını anlayırlar. Ermənistan Azərbaycanla sülhə nail olmadan özünün dövlət kimi qorunmasını təmin edə bilməyəcək. Əgər yaxın illərdə işğalçılığa son qoymasa Ermənistanın müstəqil dövlət kimi yaşaması sual altına düşəcək. Burada söhbət Ermanistanın böhranlı vəziyyətdən qurtulmayacağından gedir.
Əminəm ki, Prezident İlham Əliyevin apardığı siyasət, xalqla hakimiyyətin vəhdəti, güclü sabitlik, Rusiya və Qərblə əməkdaşlığın genişləndirilməsi, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və digər amillər nəticə etibarilə ölkəmizin bu problemi sülh yolu ilə həll etməsinə gətirib çıxaracaq. Düşməni bütün vasitələrlə taqətdən salmaq siyasəti öz rolunu oynayacaq. Ona görə də, prezidentlərin Kazan görüşündə müəyyən irəliləyişlərin olmasına ümidlər böyükdür.

- Mübariz müəllim, Qarabağ məsələsi ilə bağlı həssas bir məqamda ölkəmizdə bəzi müxalifət partiyaları qanunsuz mitinqlər keçirməyə cəhd göstərməklə Azərbaycanın imicinə ziyan vurmağa çalışırlar. Belə cəhdlərin biri ötən bazar günü baş verdi...
- Doğrudur, özünü İctimai Palata adlandıran qurumda toplaşmış bəzi müxalifət partiyaları artıq neçənci dəfədir ki, qanunsuz aksiya keçirməyə cəhd göstərirlər. Amma hər dəfə onların heç bir ictimai dəstəyə malik olmadığı sübut olunur. Qəribədir ki, həmin müxaliflər bundan nəticə çıxarmırlar. İyunun 19-da da İctimai Palata belə aksiyaya cəhd göstərib. Biz öncədən bildirmişdik ki, onların bu cəhdləri iflasa uğrayacaq və belə də oldu. Azərbaycan xalqı radikal müxalifətin qanunsuz əməllərinə dəstək vermir. Bu o deməkdir ki, xalqımız ölkəmizdə sabitliyin tərəfdarıdır və mövcud hakimiyyətin apardığı siyasəti dəstəkləyir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar