Mübarəkin gəlini və nəvəsi Londona yerləşib
18 Fevral 2011 Cümə 02:08
Misirin keçmiş prezidentinin digər ailə üzvlərinin Britaniyaya köçəcəyi gözlənilir
Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin gəlini və nəvəsi Böyük Britaniya paytaxtında yaşayırlar. Bu barədə məlumatı Londonun “Evening Standard” qəzeti Hüsnü Mübarəkin oğlu Camal və gəlini Xədicənin britaniyalı dostlarına istinadən yayıb. Qəzetin məlumatına görə, Camalın həyat yoldaşı qızı Fəridə ilə birlikdə hazırda Londondadır. Bununla belə, qəzet onların yaşadığı ünvanı açıqlamayıb.

Xatırladaq ki, bir müddət əvvəl dünya KİV-ində Hüsnü Mübarəkin ailə üzvlərinin Misirdəki kütləvi aksiyalar başlayandan sonra Londona getdikləri barədə məlumatlar yayılmışdı. Böyük Britaniya Daxili İşlər Nazirliyinin nümayəndələri bu barədə sorğulara cavablarında faktı nə təsdiq, nə də təkzib etmişdilər. Onlar bildirmişdilər ki, Britaniya hökuməti mülki şəxslərin səfərlərini şərh etmir.

90-cı illərdə Camal Mübarək Londonda 6,5 il yaşayıb və “Bank of America”da işləyib. Onun Britaniya pasportu var. Xədicə Mübarəkin rəfiqələri “Evening Standard” qəzetinə bildirib ki, o, özünü Londonda evindəkir kimi hiss edir. Ötən ilin martında Londondakı xəstəxanalardan birində Cama və Xədicə Mübarəklərin qızı Fəridə dünyaya gəlib.

Britaniya KİV-inin bir müddət əvvəl yaydığı məlumata görə, Camal Mübarəkin Londonda altımərtəbəli mülkü var. Evdə qalan qulluqçu jurnalistlərə bildirib ki, Camal Mübarək bu evi satıb. Lakin mətbuat nümayəndələri onun bu məlumatına inanmırlar.

Hüsnü Mübarək istefasından sonra Misirin kurort şəhəri Şarm-əş-Şeyxdəki villasında yaşayır. Məlumatlara görə, ailə üzvləri də onunla birlikdədirlər. Lakin “Evening Standard” qəzeti iddia edir ki, bir müddət sonra onlar da Londona köçə bilərlər.

Hüsnü Mübarək və qohumlarının sərvəti bir neçə milyard dollarla dəyərləndirilir. London qəzetinin məlumatına görə, bu vəsait Britaniya və İsveçrə banklarında yerləşdirilib. Bundan başqa, Mübarək ailəsinin London, Nyu-York və Los-Ancelesdə daşınmaz əmlakları var.

Britaniya hökuməti bəyan edib ki, Misirin yeni hökumətindən Mübarək rejimi nümayəndələrinin bank hesablarının dondurulması barədə sorğu alıb. Bu ölkənin XİN rəhbəri Uilyam Heyq bildirib ki, əgər bu pulların dövlət vəsaitlərinin talanması yolu ilə əldə edilməsi barədə sübutlar təqdim edilsə, Britaniya hökuməti müvafiq tədbirlər görə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar