Mövlud Çavuşoğlu: “AŞ PA Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
24 Yanvar 2011 Bazar Ertəsi 16:15
AŞ PA sədri Mövlud Çavuşoğlu jurnalistlərə müsahibəsində belə deyib.
“Dağlıq Qarabağ münaqişəsi təkcə Avropa Şurası üçün deyil, həm də Avropa üçün önəmlidir və həllini gözləyən bir məsələdir”. Bu sözləri bazar ertəsi Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında ANS TV-nin Strasburqa ezam olunmuş xüsusi müxbirinin sualını cavablandıran qurum prezidenti Mövlud Çavuşoğlu bildirib.

O bildirib ki, AŞ PA Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir və bu istiqamətdə müəyyən səylər göstərir.

Qeyd edək ki, qurumun qış sessiyası çərçivəsində AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin uzun müddətdir keçirilməyən iclası da təşkil olunacaq. Çavuşoğlu bu komitənin iclasının baş tutmasını istədiklərini bildirib. O hesab edir ki, Avropa Şurasının iki üzvü, Ermənistan və Azərbaycan arasında münaqişənin olması AŞ-nın özü üçün böyük bir problemdir.

O bəyan edib ki, AŞ PA-nın 2005-ci ildə xüsusi qətnamə qəbul edib və həmin sənəddə Ermənistan işğalçı dövlət kimi göstərilir, eyni zamanda işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Qurum sədri bildirib ki, AŞ PA münaqişə ilə bağlı öz mövqeyini əsla dəyişməyəcək. Onun sözlərinə görə, iki ölkənin nümayəndə heyətləri arasında danışıqlar da məhz bunun əsasında aparılır və qurum Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bunu davam etdirəcək.

Eyni zamanda Çavuşoğlu Azərbaycanda keçirilən parlament seçkisinə də toxunub. O bu seçkilərdə AŞ PA-nın xüsusi nümayəndə heyətinin olduğunu diqqətə çatdırıb.

“Bu sessiya çərçivəsində həmin nümayəndə heyətinin müşahidələri bir hesabat şəklində məruzə ediləcək və müzakirə olunacaq”, - deyə o bildirib.

Çavuşoğlunun sonda toxunduğu məsələlərdən biri də, Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 illiyinin qeyd olunması ilə bağlı məsələ olub. O bu məsələnin sessiya çərçivəsində yüksək səviyyədə qeyd olunacağını, xüsusi mərasimlərin keçiriləcəyini, sessiyada nümayəndə heyəti ilə yanaşı Avropa Şurasının əsas simalarının da məhz bu məsələ ilə bağlı öz fikirlərini bildirəcəyini, quruma Azərbaycanın üzv olmasından sonra Azərbaycanın qazandıqları və onun inkişafına təsir edən amillərin də müzakirə predmetinə çvriləcəyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar