Moskvadakı dava yorğan davasıdır...
16 Dekabr 2010 Cümə Axşamı 22:15
Mir Şahin: "Deyəsən, bu, sırf biz qaralar, Cənubi Qafqaz qaraları üçün nəzərdə tutulmuş aksiyadır"
Moskvaya ezamiyyətimizin məqsədi Rusiya Kütləvi İnformasiya vasitələrinin qafqazlılar və ruslar arasında münaqişə kimi təqdim etdiyi hadisələrin əslində nə və necə olduğunu çatdırmaq idi. Paytaxtın küçələrində mövcud olan həyat adi Moskva tərzidir. Rusiya rəsmi kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda vəziyyətin çox gərgin olduğu təəssüratı aşılansa da, bunun əslində belə olduğunu demək əsla mümkün deyil. Doğrudur, milisin saysız-hesabsız canlı və texniki qüvvəsi bir sıra mərkəzi ərazilərə yeridilib, amma elə basabası da onlar yaradır. Yəni Kiyevskiy vağzalda mindən artıq adam var idisə, onun da təxminən 3/4 hissəsi milis əməkdaşları və maskalılar idi.

Vaxtaşırı burada belə səs-küylər olur. Fanatlarla milis əməkdaşları arasında xırda toqquşmalar olur. Amma bütün bunlar artıq Moskvada adi hal almış vərdişdir və şəhər camaatı buna öyrəşməyə başlayıb.

Maraqlısı həm də burasıdır ki, başqa vaxt Moskvada adi bir kadrı lentə alarkən, harldansa peyda olan qırmızıpapaqlılar bu dəfə çox sakit və soyuqqanlı görünürlər. İstəyirsən adam çək, istəyirsən it, heç kim mane olmur.

Az qala hamının sənədlərinin kütləvi yoxlanışı barədə efirdən eşitdiklərimiz də öz təsdiqini bütün bu müddət ərzində cəmi iki dəfə tapdı. Sürücümüzün vəsiqəsini yoxladılar. Yeri gəlmişkən adı Sergey idi, özü də xalis rus, biri də yolüstü gördüyümüz bir yoxlama.

İzdihamın yaş tərkibi də maraqlıdır. 14-17 yaşlı yeniyetmə və gənclərin baş verənlərə bir uşaq marağı ilə tamaşa etməsi təbii idi. Məsələn 15 yaşlı Vasyanı dinləyək: “Mənə elə gəlir ki, mitinq başqda yerdə olacaq...”

Aralarında nisbətən yaşlıları var idisə, günahkarları özləri üçün dəqiqləşdirmişdilər: “Hazırda hakimiyyətdə olan prezident, baş nazir və onların arxasında olanlardı”.

Amma burada bir faktın üzərində baş sındırmağa dəyər. Rusiya radio və televiziyalarının gün ərzində inadla yalnız bir xəbəri az qala elan kimi təkrarlamaqları: “Saat 18-də Kiyevski vağzalda qafqazlılar və radikal rus gəncləri arasında toqquşma olacaq. Sanki insanları ora çağırırdılar. Amma alınmadı. Çünki bura toplaşanların demək olar ki, 90 faizi tərtəmiz rus idi və aradalarında beş-altı qafqazlı var idisə, onlardan da ikisi biz idik: mən və operatorumuz. Bizə də normal yanaşırdılar: Məsələn bir qəşəng qız kimi. Soruşdum ki, bizə qarşı allerqiya filan hiss etmir ki: “Xeyir, mənim çoxlu qafqazlı dostlarım var”.

İzdihamın toplanış yeri kimi “Yevropeyskiy” Ticarət mərkəzi seçməsi səbəbi də müəmmalı idi. Bu mərkəzin iki azərbaycanlıya məxsus olduğunu mənə burada növbə çəkən milis əməkdaşı dedi. Orada çalışanlardan biri isə heç kəsə deməmək şərtilə bizə pıçıldadı ki, milis onlara narahat olmamağı, heç kəsə maneçilik törətməməyi tövsiyə edib və söz verib ki, bura heç bir xətər toxunmayacaq. Mən bilən bu da qəribədir.

Daha bir maraqlı nüans: məhkəmə aqibəti ilə həm yerli, həm də xarici diqqətin mərkəzində olan Xodorkovskinin prosesi həmin gün gözdən uzaqda qaldı. Baş qarışdı, məzhəb itdi və bir də onda öyrəndik ki, məhkəmə dekabrın 27-nə təxirə salınıb. Ola bilsin ki, o zaman Yeni ilə başı sözün həm iç, həm də çöl mənasında qarışmış ruslar bunun fərqində olmayacaqlar. Yeri düşdü, onu da deyim ki, bu gün Vladimir Putin rus xalqı ilə ənənəvi təması zamanı tam aydın şəkildə dedi ki, Xodorkovskinin günahı sübuta yetirilib.

Moskvada baş verənləri müxtəlif səbəblərə bağlayırar. İşdən qovulmuş Lujkovun Medvedevdən qisası adlandıranlar da var, bunu Putinin xüsusi xidmətlər vasitəsilə apardığı test kimi təqdim edənlər də. Amma mənim ayrı qənaətim yarandı. Deyəsən, bu, sırf biz qaralar, Cənubi Qafqaz qaraları üçün nəzərdə tutulmuş aksiyadır. Rusiya teleradiosunun apardığı təbliğat nəticəsində neçə gündür ki, Qafqaz əsilli valideynlərin böyük əksəriyyəti, bəlkə də hamısı uşaqlarını nə dərsə, nə də işə buraxır. Yəni xof artıq yaradılıb. Yeri gəlmişkən, bir məlumatı da nəzərinizə çatdırım ki, elə həmin gün, mitinq saatlarında proseslərin gözünə qatıb azərbaycanlılara məxsus bir böyük bazarı da bağladılar. Elə son hadisələrin bizimkilərə məxsus olduğu “Yevropeyskiy” Ticarət mərkəzində baş verməsi də nəsə deyir. Bizim dilə çevirəndə, təxminən belə alınır: “Dava yorğan davasıdır. Moskva şaxtasında isə yorğan iki qat əhəmiyyət daşıyır”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar