Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi açılıb
19 Avqust 2012 Bazar 14:09
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Rusiya Müftilər Şurasının Moskva hökumətinin dəstəyi ilə həyata keçirdiyi "Ramazan çadırı" xeyriyyə və mədəni-maarif layihəsində iştirak edib.
APA-nın Azərtac-a istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar süfrəsi açılıb və Azərbaycan Günü keçirilib.
Azərbaycan diasporunun nümayəndələrinin, gənclərin, müxtəlif xalqların təmsilçilərinin iştirakı ilə təşkil olunmuş gecənin əvvəlində "İxlas" Fondunun sədri Anas Məmmədov müqəddəs Ramazan ayının əhəmiyyətindən və oruc tutmağın faydasından danışıb.
Müqəddəs Qurani-Kərimdən surələr oxunub, axşam namazı qılındıqdan sonra iftar süfrəsi açılıb.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova bildirib ki, artıq bir neçə ildir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan bu layihədə iştirak edir.
İftar süfrəsinə gələnlər "Ramazan çadırı" qarşısında açılmış "Azərbaycan" sərgisi ilə tanış olublar.
Qeyd edək ki, iftar süfrəsi 600 nəfər üçün nəzərdə tutulub.
Azərbaycan Günündə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Rusiya Müftilər Şurasının və Moskva hökumətinin nümayəndələri, qonaqlar iştirak ediblər.
DOSTLARINLA PAYLAŞ: