Monitorinq keçirən ATƏT nümayəndəsinə çətin sual?
02 Dekabr 2010 Cümə Axşamı 12:25
ATƏT nümayəndəsi "Qarabağ"ın Azərbaycan mənşəli söz olduğunu bilmədi
Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycanın Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, missiya üzvləri monitorinqdən öncə Quzanlı qəsəsinə gəliblər. Onlar rayon icra hakimiyyətinin başçısı ilə görüşərək cəbhə xəttindəki vəziyyət barədə məlumat alıblar.
İcra başçısı Nizami Sadıqov bildirib ki, ərazidə mütəmadi olaraq atəşkəs rejimi pozulur. Oktyabr ayında keçirilən son monitorinqdən indiyə qədər 114 dəfə ümumilikdə atəşkəs rejimi pozulub. Nəticədə 2 mülki şəxs yaralanıb. Onlardan biri güllə yarası alıb, digəri isə minaya düşərək ayaqlarını itirib.
N.Sadıqov bildirib ki, ATƏT nümayəndələri ilə ermənilərin Ağdam rayonunun adının dəyişdirilməsi ilə bağlı söhbət də aparıb. Daha sonra missiya üzvləri monitorinqin keçiriləcəyi əraziyə yollanıblar.
Qeyd edək ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Xristo Xristov keçirir.
Monitorinqdən əvvəl ATƏT nümayəndələri ilə bağlı maraqlı fakt üzə çıxıb. Belə ki, ANS PRESS-in müxbiri missiya üzvlərinə "Qarabağ" sözünün mənası ilə bağlı sual verib. Nəticədə onlardan biri sözün mənasını bilsə də, digəri ümumiyyətlə məlumatsız olub. O, hətta bu sözün Azərbaycan mənşəli olmasına təəccüblənib.
DOSTLARINLA PAYLAŞ: