"Molodes" sözünün mənasını ayırd edə bilməyən köhnə tanışlar
09 İyun 2010 Çərşənbə 23:45
"Molodes" sözünün mənasını ayırd edə bilməyən köhnə tanışlar. Sumqayıtda baş verən silahlı insidentin təfərrüatları.
İyunun 7-də Abşeron rayonu ərazisində baş verən silahlı insidentin səbəbkarı və səbəbləri bəlli olub. Abşeron rayonunda köhnə tanışlar arasında “molodes” sözü üstündə yaranan mübahisə sonda 30 yaşlı Samir İsmayılovun güllələnməsi ilə nəticələnib. Hadisədən sonra rayon polis şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 2 yaxın qohumu yaxalayaraq rayon Prokurorluğuna təhvil verib.

Abşeron rayon Prokurorluğunun müstəntiqi Mehman Xankişiyevin sözlərinə görə, Cabbarov Mübariz Salman oğlu qardaşı oğlu Cabbarov Oqtay Məmməd oğlu ilə birlikdə Kəlbəcər rayonunda anadan olmuş İsmayılov Samir Məhiyəddin oğlu ilə öncədən aralarında olan mübahisəni araşdırmaq və Samir İsmayılovu öldürmək məqsədi ilə Bakı-Sumqayıt yolunun 18-ci kilometrində silahlı insident törədiblər. İyunun 7-də saat 14 radələrində “Hummer” markalı maşınla Bakı-Sumqayıt yolunun 18-ci kilometrliyinə gələn əmi və qardaşoğlu həmin yerə gələn Samir İsmayılova ov tüfəngindən atəş açıblar.

Atəş nəticəsində Samir İsmayılov döş qəfəsinin, qarın və ətrafların qəlpəli yaralanması xəsarətləri alıb. Hazırda yaralı 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Saxlanılan 24 yaşlı Oqtay Cabbarovun sözlərinə görə, həmin gün şəhərdə olan çayxanalardan birində oturaraq əmisi Mübarizi gözləyirmiş. Elə həmin vaxt yaxınlıqda dayanan Samir İsmayılov bir neçə tanışı ilə söhbət edərkən Oqtaydan maşınların necə kreditə götürülməsi ilə bağlı fikrini soruşub. Maşın alqı-satqısı ilə məşğul olan Oqtay da Samirə indiki zamanda bankdan kreditgötürməməyi məsləhət görüb. Söhbət zamanı Oqtayın Samirə “molodes” deməsi aranı qarışdırıb.

“Söhbət zamanı mən ona dedim ki, “molodes”, qəşəng fikirdi. Bunu eşidəndə o dedi ki, eşşək özünsən”,-deyə Saxlanılan şəxs bildirib. Edilən üzrxahlıqlara baxmayaraq, Samir Oqtayın izahlarından daha da əsəbiləşərək onu öz demişkən “razborka”ya çağırıb. Avtomaşınla Avropa Otelinin yanına gəldikdə isə Samir telefonda kimdənsə nəsə xahiş edib və Oqtayı 1 saatdan sonra Sumqayıt yolunda görüşə çağırıb. Oqtayın telefonuna Samir tərəfindən yenidən zəng edilib və nalayiq söyüşlər söyərək Sumqayıt yoluna gəlməyini təkid edib. Hadisədən xəbər tutan Oqtayın əmisi Mübariz söhbəti özü “çürütmək” istəyib.

Araşdırma zamanı məlum olub ki, hadisədə istifadə olunan silah rəsmi sənədlə Oqtay Cabbarova məxsusdur. Faktla bağlı Cabbarovlar barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib, Cinayət Məcəlləsinin ölümə cəhd maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar