Moldovanın müdafiə naziri: Ermənistana silah satışına dair müqavilə ləğv olunacaq
11 Noyabr 2011 Cümə 17:44
“Bəzi KİV-lər “Moldova alqı-satqı prosesini başa çatdıracaq və Ermənistana ikinci silah partiyasını göndərəcək” sözlərini mənim adıma yazıblar"
“Azərbaycan ictimaiyyətini məlumatlandırmaq istəyirəm ki, Milli Ordumuzun arsenalında olan, saxlanma müddəti bitmiş bəzi silah növlərinin Ermənistana satışının təfərrüatlarını araşdıran Moldova Respublikasının xüsusi komissiyasının iclasından sonra ölkəmizin bəzi kütləvi informasiya vasitələri doğrudan da mənim sözlərimi təhrif edib və guya “Moldova alqı-satqı prosesini başa çatdıracaq və Ermənistana ikinci silah partiyasını göndərəcək” sözlərini mənim adıma yazıblar. Bu, həqiqət deyil. Bununla əlaqədar Azərbaycan ictimaiyyətini məlumatlandırmaq istəyirəm ki, qeyd olunan müqavilənin reallaşdırılması hələ bu qalmaqal baş verdikdən dərhal sonra tərəfimdən dayandırılıb. Bundan başqa hazırda müqaviləyə yenidən baxılması proseduru keçirilir, bu prosedurun son məqsədi müqavilənin tam ləğv olunmasıdır”. APA-nın məlumatına görə, bu fikirləri Moldovanın müdafiə naziri Vitali Marinutsa deyib.

Ermənistana silah satışı qalmaqalından sonra “Vesti.az” saytının redaksiyasına zəng edən müdafiə naziri Azərbaycanın bütün vətəndaşlarına öz hörmət və ehtiramını çatdırmağı xahiş edib: “Azərbaycanın bütün vətəndaşlarına öz hörmət və ehtiramımı çatdırmaq istəyirəm. Əminəm ki, qarşılıqlı maraqlara söykənən dostluq münasibətlərimiz iki xalqın rifahı naminə yalnız inkişaf edəcək”.

Moldovanın müdafiə naziri baş verən hadisə ilə bağlı təəssüfünü bildirib və Ermənistana silah verilməsi ilə bağlı qərarın qəbulu zamanı bəzi xətalara yol verildiyini etiraf edib: “Əminəm ki, gələcəkdə Azərbaycanla dostluq münasibətlərimizə xələl gətirə biləcək bütün məqamlara diqqətlə yanaşılacaq”.

Qeyd edək ki, Moldovanın “Moldnews” agentliyi bu ölkənin müdafiə naziri Vitali Marinutsanın baş vermiş qalmaqala baxmayaraq, Ermənistandan olan sifarişçiyə silah-sursatın qalan hissəsini çatdırmaq niyyətində olduqlarını bəyan etdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, V. Marinutsa Moldovanın silah-sursat satışına dair sövdələşmələri sonadək yerinə yetirəcəyini söyləyib: “Bunu qadağan edən hər hansı hüquqi sənəd yoxdur. Ümid edirəm ki, ən qısa zamanda müqavilənin yerinə yetirilməsi davam etdiriləcək. Bu müqavilədə heç bir şübhəli bənd yoxdur və biz onu axıra çatdırmalıyıq”.

Xatırladaq ki, bir qədər öncə Moldova prezidenti Marian Lupu ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Yuriy Dominici tutduğu vəzifədən azad edib. Müvafiq fərmanın hərbi qanunvericiliyinin gələcəkdə pozulmasını önləmək üçün imzalandığı bildirilsə də, yerli qəzetlərə görə, moldovalı generalın istefaya göndərilməsinə əsl səbəb Ermənistanla gizli silah sövdələşməsinin üstünün açılması olub. Meydana çıxmış bu qalmaqal Moldovanın siyasi dairələrində hay-küyə səbəb olub. Moldovanın hakim dairələrində ehtiyat edirlər ki, bu qalmaqal Moldova-Azərbaycan və GUAM çərçivəsindəki əməkdaşlığa əngəl ola bilər. Söhbətin artilleriya və tank əleyhinə qurğulardan getdiyi xəbər verilir. Bu silahların iri yük təyyarəsi ilə sentyabrın 13-də Kişinyovdan İrəvana çatdırıldığı bildirilir. Yaranmış qalmaqal Moldova Nazirlər Kabineti ilə Müdafiə Nazirliyi arasında ixtilafa səbəb olub. Məsələ ilə bağlı araşdırma başlayıb.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistana hücum silahı satan dövlətlərin böyük səhvə yol verdiklərini bəyan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar