Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
30 İyul 2011 Şənbə 01:35
Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev bu ölkənin Baş naziri Vladimir Filat ilə görüşüb.
Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev bu ölkənin Baş naziri Vladimir Filat ilə görüşüb. Görüş zamanı Moldova ilə Azərbaycan arasındakı münasibətlərin və beynəlxalq çərçivədə qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. Moldovanın Baş naziri ölkəsinin bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, Azərbaycanın da Dnestryanı münaqişədə Moldovanın ərazi bütövlüyünü dəstəklədiyindən məmnunluğunu ifadə edib.

V.Filat ölkəsinin energetika sahəsində Azərbaycan ilə əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və Xəzərin enerji resurslarının Avropaya nəqli ilə bağlı qəbul ediləcək beynəlxalq layihələrdə Moldovanın da iştirak etmək istəyini bildirib. Baş nazir hər iki ölkə arasında bütün sahələrdə, xüsusən də iqtisadi sahədə yeni əlaqələrin qurulmasının vacibliyini qeyd edib. V.Filat eyni zamanda, bütün beynəlxalq təşkilatların, o cümlədən “Şərq tərəfdaşlığı” çərçivəsində də əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

N.Əliyev ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin davamı olaraq ikitərəfli münasibətlərin yüksək səviyyədə həyata keçirilməsinə çalışacağını bildirib. Səfir Azərbaycanın Moldova iqtisadiyyatına investisiya qoymaq imkanına malik olduğunu diqqətə çatdırıb. O, bu cür layihələrin Gürcüstan, Ukrayna və Rumıniyada həyata keçirildiyini bildirib.

Azərbaycanlı diplomat ölkələrimiz arasında əməkdaşlığın GUAM çərçivəsində yeni mərhələyə keçməsinin vacibliyini qeyd edib, ölkəmizin həm siyasi, həm də iqtisadi cəhətdən Moldovanı dəstəkləmək imkanında olduğunu vurğulayıb. N.Əliyev Moldova hökumətinin ölkəmizin ərazi bütövlüyünü beynəlxalq səviyyədə hər zaman dəstəklədiyinə görə Baş nazirə minnətdarlığını bildirib. Azərbaycanın da Dnestryanı münaqişədə Moldovanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar