Mobillik və vizalar mövzusunda seminar keçirilib
18 İyun 2010 Cümə 16:15
İyunun 17-18-də Bakıda “Avropa İttifaqı Azərbaycanın Xarici İşlər Nazirliyi ilə birgə əməkdaşlıqda mobillik məsələləri” mövzusunda seminar keçirilib.
Bu barədə APA-ya Avropa İttifaqının Bakıdakı nümayəndəliyin mətbuat xidməti məlumat verib. Seminar Şərq Tərəfdaşlığı proqramının Azərbaycanda icra olunması kontekstində hazırlanıb.
"Mobilliyin yaxşı idarə olunması və təhlükəsizliyi baxımından lazımi şəraiti təmin etmək arzusunda olan tərəfdaş ölkələrin vətəndaşları üçün Avropa İttifaqı mobilliyi artırmağı təklif etməyə hazırdır. Bu məsələdə Azərbaycanla qurduğumuz dialoq çox təşviqedicidir" Bu sözləri Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Roland Kobia açılış mərasimindəki nitqində söyləyib.
Seminar zamanı Azərbaycanın müvafiq nazirlik və qurumlarından olan nümayəndələr Avropa Komissiyasının rəsmiləri və ekspertləri ilə mobillik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Viza siyasəti, viza rejiminin yüngülləşdirilməsi və readmissiya sazişi, Aİ-nın miqrasiyaya dair qlobal yanaşması, sənəd təhlükəsizliyi və sığınacaq məsələləri sessiya zamanı toxunulan mövzulardan olub.
Belə bir seminar əməkdaşlığı qüvvətləndirmək üçün Aİ və Azərbaycan tərəfdaşları arasında dərin müzakirələrin aparılmasına imkan verib. Avropa Komissiyasının Ədliyyə, Azadlıq və Təhlükəsizlik məsələləri üzrə Baş Direktorluqdan olan nümayəndə heyəti "Xarici Əlaqələr və İttifaqın Genişlənməsi" Bölməsinin Rəhbəri Luici Sorekanın rəhbərliyi altında Viza bölməsinin Rəhbəri Dafli Goglou, eləcə də Djederik Paalman və Fransua Çauvindən ibarət olub. Aİ-nın digər iştirakçı ekspertləri Yunanıstanın Xarici İşlər Nazirliyindən İoannis Raptakis və Almaniyanın Baunschweig İnzibati Məhkəməsindən olan Volfqanq Bartş idi. APA
DOSTLARINLA PAYLAŞ: