Misirin xarici işlər naziri Abşeronda olub
26 May 2010 Çərşənbə 10:25
Əhməd Abul Ğeytin Azərbaycana səfəri davam edir.
Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Abul Ğeytin başçılıq etdiyi nümayəndə heyəti Abşeron rayonunda olub. Qonaqlar Xırdalan şəhərində salınan Misir parkı ilə tanış olub, burada Misir prezidenti Hüsnü Mübarəyin abidəsini ziyarət ediblər.

Əhməd Abul Ğeyt parkda yaradılan şəraitdən məmnunluğunu bildirib və bunu Misir-Azərbaycan dostluq əlaqələrinin bariz nümunəsi kimi dəyərləndirib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iki ölkə arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib. Abşeronla Misirin Qəlyubiyyə əyaləti arasında əməkdaşlığın tarixindən danışan icra hakimiyyətinin başçısı deyib ki, əməkdaşlıq haqqında Anlaşma Memorandumunda tərəflər arasında kənd təsərrüfatı, sənaye, irriqasiya, mədəniyyət, xeyriyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, qeyd edilən istiqamətlərdə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Z.Fərəcov dostluq əlaqəsinin simvolu kimi Xırdalan şəhərindəki küçələrin birinə Qəlyubiyyə adının verildiyini də nəzərə çatdırıb. Misirin Qəlyubiyyə şəhərində isə Azərbaycan-Misir dostluq parkı salınıb, parkın mərkəzində Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin abidəsi ucaldılıb.

Misirli qonaqlar Suzan Mübarək adına ərəb təmayüllü 9 nömrəli orta məktəbə də baş çəkiblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar