Misirin ardınca Yəmən xalqı da ayağa qalxdı
13 Fevral 2011 Bazar 11:00
Sənada ölkə prezidentinin istefası tələbi ilə etiraz aksiyaları başlayıb
Misirin ardınca digər Şimali Afrika ölkələrində də eriraz dalğaları baş qaldırıb. Yəmənin paytaxtı Sənada Hüsnü Mübarəki devirmiş Misir xalqına dəstək nümayiş etdirmək və Yəmən prezidenti Əli Abdulla Salehinin dərhal istefasını tələb etmək məqsədilə etiraz aksiyası keçirilib. Nümayişçilər ölkə başçısı Əli Abdullah Salehinin fotoşəkillərinə od vurub və onun dərhal istefasını tələb edən şüarlar səsləndiriblər.
Qahirə hadisələrindən ilhamlanan yüzlərlə insan Misirin Sənadakı səfirliyinin binasına da daxil olmağa cəhd ediblər. Lakin polis onların bu cəhdlərini boşa çıxarıb, etirazçıları dağıtmaq üçün rezin dəyənəklərdən istifadə edib.
Digər tərəfdən paytaxtın mərkəzində Qahirədəki məşhur meydanla eyni adı paylaşan Təhrir meydanında 5 minə yaxın prezident tərəfdarı və hüquq-mühafizə orqanlarının nümayəndələrilə dolub. Onların məqsədi prezidentin istefasını tələb edən etirazçıları meydana buraxmamaqdır.
Qeyd edək ki, artıq 31 ildir ki, Salehi Yəmənə başçılq edir. Misirdə etirazlar tüğyan etdiyi zamanda o da Mübarək kimi növbəti prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib.
Ötən gün Əlcəzairin paytaxtında keçirilən etiraz aksiyasına baxmayaraq, ölkədə ümumi vəziyyət sakitdir. Asayiş keşikçiləri ölkə paytaxtı boyunca yürüş etmək istəyən hökumət əleyhdarlarını dayandırıb. Nümayişçilərdən bəzilərinin polis tərəfindən saxlandığı deyilir. Yerli hüquq müdafiəçiləri saxlanılanların sayının 400 nəfər olduğunu iddia edirlər. Paytaxtın əsas ərazilərinə və meydanlarına isə minlərlə polis, xüsusi təyinatlı yeridilib. Şəhərə bütün girişlər gücləndlirilmiş nəzarət-buraxılış məntəqələrilə bağlanıb. Hökumət müəsissələri xüsusi nəzarətə götürülüb.
DOSTLARINLA PAYLAŞ: