Misirdə üç keçmiş nazir və tanınmış iş adamı həbs edildi
18 Fevral 2011 Cümə 02:48
Onlar büdcə vəsaitlərinin israfında şübhəli bilinirlər
Misir prokurorluğu dövlət vəsaitlərinin israfında şübhəli bilinən üç keçmiş nazir və tanınmış iş adamının həbs edildiyini açıqlayıb. Məlumatı “Reuters” agentilyi yayıb.
Məlumata görə, keçmiş turizm naziri Züşair Qarana, sabiq mənzil naziri Əhməd əl-Maqrabi, keçmiş daxili işlər naziri Həbib əl-Ədli və poladtökmə maqnatı Əhməd Əzz həbs ediliblər.
Xatırladaq ki, Misirə 30 il rəhbərlik etmiş Hüsnü Mübarək 18 gün davam edən kütləvi etiraz aksiyalarından sonra fevralın 11-də dövlət başçısı postundan istefa verib. O, hakimiyyəti Misir Silahlı Qüvvələrinin Ali Şurasına təhvil verib. Şuraya müdafiə naziri Hüseyn Tantavi rəhbərlik edir.
Misirin Səhiyyə Nazirliyinin fevralın 16-da açıqladığı məlumata görə, ölkədəki kütləvi iğtişaşlar zamanı 365 nəfər ölüb, 5500 adam isə xəsarət alıb.
DOSTLARINLA PAYLAŞ: