Minskdə MDB ekspertlərin iclası keçiriləcək
14 Yanvar 2012 Şənbə 00:10
Ekspertlər müdafiə səhisində əməkdaşlığa dair iki məsələni müzakirə edəcəklər.
Yanvarın 17-18-də MDB-nin Belarusun paytaxtındakı iqamətgahında müdafiə sahəsindəki əməkdaşlığa dair sənədlərin layihələrinin təkmilləşdirilməsi və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək. MDB-nin Minskdəki İcraiyyə Komitəsindən AzərTAc-a verilən məlumata görə, ekspertlər iki sənədi müzakirə etmək niyyətindədirlər. Onlardan birincisi Birliyin iştirakçısı olan dövlətlərin silahlı qüvvələrinin elmi və elmi-pedaqoji kadrlarının hazırlanması sahəsində əməkdaşlıq haqqında saziş layihəsidir.

İclasda ikinci məsələ Rusiya Müdafiə Nazirliyinin S.M.Kirov adına Hərbi-Tibb Akademiyasının Hərbi Bədən Tərbiyəsi İnstitutuna (filialına) Birliyin iştirakçısı olan dövlətlərin Silahlı qüvvələri üçün bədən tərbiyəsi və idman mütəxəssislərinin hazırlanması üzrə MDB ölkələrinin baza təşkilatı statusunun verilməsi haqqında qərar layihəsinin müzakirəsi olacaq.

Yanvarın 18-19-da isə Minskdə MDB-nin İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin prokurorluq orqanları və idarələri işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı və prokurorluq orqanları və idarələri işçilərinin dövlət sığortası qaydası haqqında saziş layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək.

Sənəd MDB ölkələri ərazisində bu kateqoriyalı vətəndaşların əmək fəaliyyəti və sosial müdafiəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə hazırlanıb. Layihəyə görə, onların pensiya təminatı və məcburi dövlət sığortası daimi yaşadıqları ölkənin qanunvericiliyi ilə müəyyən olunmuş şərtlər, normalar və qaydalar əsasında həyata keçiriləcək.

Prokurorluq orqanları və idarələri işçilərinin Birliyin üzvü olan dövlətlərin ərazisində qazandıqları əmək stajı və xidmət müddəti pensiya hesablanarkən nəzərə alınacaq. Bu faktı təsdiq edən və bir tərəfin səlahiyyətli orqanları tərəfindən verilmiş sənədlər digər dövlətlərin ərazilərində leqallaşdırılmadan qəbul olunacaq.

Sənəd ekspertlər tərəfindən qəti surətdə razılaşdırıldıqdan sonra onun müəyyən olunmuş qaydada MDB Hökumət Başçıları Şurasının müzakirəsinə verilməsi planlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar