Minsk qrupunun formatı alternativsiz deyil
06 Noyabr 2011 Bazar 00:12
ATƏT-in sədri açıq etiraf edib ki, Minsk qrupunun məqsədi münaqişəni həll etmək yox, dərinləşməsinə yol verməməkdir.
Kütləvi informasiya vasitələrində xəbər verildiyi kimi, ATƏT-in yeni seçilmiş baş katibi Lamberto Zanyer noyabrın 1-də Türkiyənin Today’s Zaman nəşrinə verdiyi müsahibədə açıq etiraf edib ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə qadir deyil.

“Mən faktı deyirəm - irəliləyiş yoxdur. Burada nə isə çatışmır”, - deyən Zanyer daha sonra əlavə edib: “Belə diskussiyalar gedir ki, biz bu məsələnin müzakirəsini başqa bir yerə keçirməliyik, lakin mən bununla problemin həll ediləcəyinə əmin deyiləm. Bu problemin həlli ilə məşğul olan təşkilatın (ATƏT) fəaliyyətində düzgün olmayan heç nə yoxdur”.

ATƏT-in yeni sədrinin bu fikri ilə razılaşmaq çətindir. Əgər münaqişə 20 il ərzində tənzimləməmişdirsə, deməli, bu münaqişənin həlli tapşırılmış ATƏT-in Minsk qrupunun fəaliyyətində nə isə düz deyil.

ATƏT-in rəhbərinin sözlərinə görə, bu təşkilatın məqsədi münaqişənin genişlənməsinə yol verməməkdir. Zanyer deyib: “Əgər biz münaqişəni həll edə bilmiriksə, onun dərinləşməsinə mane olmalıyıq”.

Ümumiyyətlə, hafizəmiz bizi aldatmırsa, ATƏT-in Minsk qrupunun vəzifəsi münaqişənin özünün dondurulması yolu ilə müharibənin yenidən başlanmasının qarşısını almaq deyil, münaqişəni HƏLL ETMƏK idi. 20 il ərzində təşkilat bu məsələni həll etməyib. Digər tərəfdən, ərazisinin 20 faizi işğal altında olan Minsk qrupunun həmsədrləri olan dövlətlər və Ermənistan deyil, Azərbaycandır. Bu səbəbdən prosesin sürətləndirilməsini məhz Azərbaycan tələb edir. Müəyyən məqamda Bakının səbri tükənə bilər, bu halda o, münaqişənin həll edilməsi üçün birtərəfli qaydada dedlayn müəyyən edəcək, bundan sonra da irəliləyiş olmasa, ATƏT-in Minsk qrupundan daha effektiv və səmərəli format yaradılmasını tələb edəcək.

Minsk qrupuna münaqişəni dondurmaq deyil, onu həll etmək tapşırılmışdır. Münaqişəni biz özümüz də heç bir vasitəçisiz dondura bilərik. Münaqişənin deyil, müharibənin qarşısını almaq lazım idi. Müharibə münaqişənin nəticəsidir. Müharibə olmaması üçün çoxdan başlanmış münaqişəni həll etmək lazımdır. İndi tərəflər münaqişənin və müharibənin başlanğıcında deyil, onun ortasındadırlar (barışıq hələ sülh demək deyil). Əgər bu gün tərəflər 1987-ci ilin axırlarında olduğu kimi münaqişənin başlanğıcında olsaydılar, hər hansı vasitəçinin vəzifəsi münaqişənin genişlənməsinə yol verməmək və nəticə etibarilə hələ başlanmamış hərbi əməliyyatların qarşısını almaq olardı. Lakin münaqişə, onunla birlikdə isə müharibə başlanıb, müvəqqəti barışıq və qəbuledilməz vəziyyətə çatıb. Deməli, vasitəçinin vəzifəsi münaqişənin və ya müharibənin qarşısını almaq deyil (artıq başlanmış şeyin qarşısını almaq gecdir), onu HƏLL ETMƏK olmalıdır. Münaqişənin özünü həll etmədən tərəfləri münasibətlərin aydınlaşdırılmasından imtina etməyə çağırmaq son dərəcə səmərəsizdir. Münaqişəni həll etmədən müharibəni “mötərizə xaricinə” çıxarmaqla sülhə nail olmaq mümkün deyil. Xəstəliyi müalicə etməyə çalışmaq yox, onu müalicə etmək lazımdır. ATƏT-in Minsk qrupu bu xəstəliyi müalicə etmək iqtidarında olmadığından, onu passiv formaya salmağa çalışır. Bu isə ona görə təhlükəlidir ki, istənilən anda fəsadlar yarana bilər. Münaqişənin inkişafına yol verməməklə kifayətlənmək yox, onu həll etmək lazımdır.

Əgər ATƏT-in vasitəçilik qrupu yaradılandan az qala 20 il sonra onun sədri bu qurumun aciz olmasını etiraf edirsə, deməli, ATƏT-in Minsk qrupunun “alternativsiz olması” barədə tezisi səsləndirməyə son qoymağın vaxtıdır. Əzmkarlıq olduqda alternativ həmişə tapılar. Minsk qrupunun da alternativi var. Bir halda ki, ATƏT-in başçısı özü onun tamamilə gücsüz olmasını indi artıq açıq etiraf edir, deməli, bu qrup o qədər də “əvəzedilməz” deyil. Buna görə də öz missiyasını yerinə yetirməyən və ümidləri doğrultmayan qrupa alternativ həmişə var. Təkcə beynəlxalq birliyin əzmi, münaqişəni həll etmək arzusu yoxdur. Görünür, dünyada kimlərəsə uzunmüddətli sülh deyil, yalnız neft və qaz lazımdır. İndiki halda dondurulmuş barışıq da həmin qüvvələri qane edir, təki boru kəmərləri işini dayandırmasın. Lakin əgər beynəlxalq birliyə Cənubi Qafqazda barışıq əvəzinə sülh lazımdırsa, o başa düşməlidir ki, münaqişəni təkcə qətnamələr vasitəsilə həll etmək mümkün deyil, xüsusən o halda ki, münaqişə tərəflərindən biri 20 il müddətində həmin qətnamələri uğurla rədd edir. Əgər qətnamələrə məhəl qoymamaq, onlara etinasız münasibət prinsip etibarilə yol verilə biləndirsə (Ermənistanın hərəkətlərindən görürük ki, sən demə, bu cür münasibət tamamilə yol verilə bilən imiş), onda elə bir məqam yetişə bilər ki, digər tərəf də müharibədən imtina edilməsi barədə çağırışları rədd edər və münaqişənin həlli üçün öz variantını həyata keçirməyə başlayar.

Boş-boş bəyanatlar deyil, real mexanizmlər lazımdır. Onlar “münaqişənin özünü həll etmədən müharibədən imtina etməyə məcburiyyət” mexanizmləri deyil, “tərəflərin münaqişənin həllinə məcbur edilməsi” mexanizmi olmalıdır. Onda müharibə olmayacaq. Tez-tez eşidirik ki, guya ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən uğurla gəlir, yəni onun fəaliyyəti dövründə müharibə yenidən başlanmayıb. Lakin bu ATƏT-in Minsk qrupunun xidməti deyil, tərəflərin özlərinin xidmətidir. Əgər münaqişə öz həllini tapmasa, heç bir Minsk qrupu müharibənin qarşısını ala bilməz, çünki Azərbaycan öz ərazisinin bir hissəsinin işğal edilməsinə sonsuz dözmək niyyətində deyil.

Beynəlxalq ictimaiyyət ATƏT-in Minsk qrupuna münasibətdə iki həqiqəti başa düşməlidir:
1) vasitəçilərin vəzifəsi və məqsədi çoxdan başlanmış məsələnin qarşısını almaq deyil, münaqişəni həll etməkdir;
2) vasitəçilər bu vəzifənin öhdəsindən gəlmək iqtidarında olmadıqda (bunu isə hətta təşkilat özü də etiraf edir) Minsk qrupunu başqa, daha səmərəli formatla əvəz etmək lazımdır.

Burada daha bir məqam var. Kazan sammiti dövründə həmsədrlər status-kvonun saxlanmasının yolverilməz olduğunu bəyan edibtlər. Eyni zamanda onlar bu status-kvonu sülh yolu ilə “laxlada” bilməzlər. Səbəb yenə ondan ibarətdir ki, tərəfləri münaqişənin həllinə məcbur etmək mexanizmi yoxdur.

Lamberto Zanyer öz müsahibəsində deyib: “Belə bir sual ortaya çıxır, tərəflər sazişə gəlməyə hazırdırlarmı? Siz atı suyun yanına gətirə bilərsiniz, lakin onu su içməyə məcbur edə bilməzsiniz”. Zanyer eyhamla bildirir ki, tərəflər özləri, vasitəçilər tərəfindən təzyiq göstərilmədən münaqişənin həllinə gəlməlidirlər.

Qəribədir, Səddamın dövründə İraq ilə Küveyt arasında münaqişədə beynəlxalq birlik başqa fikirdə idi və atlardan birini su içməyə məcbur edirdi!

Prinsip etibarilə, biz özümüz də düşməni su içməyə məcbur edə bilərik və bunun üçün kifayət qədər iqtisadi, hərbi, mənəvi-hüquqi və insan potensialımız var, lakin biz istəyirik ki, bu məsələ dinc yolla həll edilsin və Ermənistan məsələni son həddə çatdırmadan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən könüllü şəkildə çıxarsın. Əgər ATƏT-in Minsk qrupu buna nail olmaq iqtidarında deyildirsə, o, öz yerini başqa formata verməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar