Minsk qrupu Qarabağ münaqişəsi tərəflərinə xəbərdarlıq etdi
16 İyun 2011 Cümə Axşamı 11:31
Həmsədrlər regiona son səfərləri ilə bağlı birgə bəyanat veriblər.
ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Robert Bradke, İqor Popov və Bernar Fasye Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionuna səfərlərinin yekunu ilə bağlı cümə axşamı birgə bəyanat yayıblar. ANS PRESS-in qurumun rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, həmsədrlər sənəddə münaqişə tərəflərini təxribat xarakterli bəyanatlar və hərəkətlərdən çəkinməyə çağırıblar.
“İyunun 7-si həmsədrlər Ağdam rayonu ərazisindəki tərəflərin təmas xəttini keçiblər. Bu son 10 ay ərzində üçüncü belə keçid idi ki, son 16 ildə bu baş verməmişdi. Bu tərəflərin 1994-cü ildən mövcud olan sülhün həyata keçirilməsi və ona riayət olunmasında əməkdaşlıq edə biləcəklərni nümayiş etdirir. Həmsədrlik tərəfləri bu kritik dövr ərzində danışıqlar prosesini korlaya biləcək istənilən təxribat xarakterli bəyanat və hərəkətlərdən çəkinməyə çağırır”, - deyə sənəddə bildirilir.
Burada həmçinin bildirilir ki, həmsədrlər iyunun 6-dan 9-dək regiona etdikləri səfər zamanı Bakı, Dağlıq Qarabağ və İrəvanda olublar və bu yerlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birgə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan, həmçinin qondarma Dağlıq Qarabağ rəhbərliyi ilə görüşlər keçiriblər.
“Həmsədrlər tərəflərlə Rusiya, ABŞ və Fransa prezidentləri Medvedev, Obama və Sarkozinin 26 may tarixli Dövil (Fransa) bəyanatında bildirildiyi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə hərtərəfli nizamlanması üçün nəzərdə tutulan əsas prinsiplərin təsdiqlənməsi və razılaşmanın başa çatdırılmasına yönəlmiş addımları müzakirə ediblər”, - deyə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında qeyd olunub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: