“Minsk qrupu həmsədrlərinin son bəyanatı digərlərindən fərqlənmir”
10 Sentyabr 2011 Şənbə 03:54
“Erməni iddialarına tutarlı cavab Azərbaycanın gücü olacaq”
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı digərlərindən fərqlənmir. Onlar ənənəvi mövqelərini ifadə ediblər”. ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib. O, bildirib ki, münaqişənin sülh yolu ilə həlli üçün Ermənistana beynəlxalq təzyiqlər artmalıdır. Millət vəkilinin sözlərinə görə, belə olarsa, ciddi nəticələr əldə edilə bilər.
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa axtarışın getdiyini istisna etmirəm. Bəlkə tərəfləri qane edən məsələlərin bir formulu tapıla bilər. Bəzən müsbət bir əhval-ruhiyyədən sonra Ermənistan tərəfi hansısa bir iddialarla çıxış edirdi və perspektivlərin də üstündən xətt çəkirdi. Ancaq bu görüşdən asılı olmayaraq Azərbaycan öz ordu quruculuğu işini davam etdirməlidir, erməni iddialarına tutarlı cavab Azərbaycanın gücü olacaq”, - politoloq qeyd edib.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın 8-də bəyanat yayıblar. Bəyanatda bildirilir ki, həmsədrlər İqor Popov (Rusiya), Bernard Fasye (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik ATƏT-in Nazirlər Şurasının dekabr ayında Vilnüsdə keçiriləcək toplantısı ilə bağlı fəaliyyət proqramlarını müzakirə etmək və əlaqələndirmək məqsədilə Vyanada bir araya gəliblər. Həmsədrlər, həmçinin Minsk qrupuna üzv dövlətlərin təmsilçilərini həmsədr ölkələrin hökumətlərinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tərəflərlə apardığı davamlı yüksək səviyyəli fəaliyyəti, eləcə də atəşkəs rejimini gücləndirmək və geniş əhatəli sülh sazişi üçün çərçivə rolunu oynayan Baza Prinsiplərinin razılaşdırılmasına nail olmaq istiqamətində konkret səylər barədə məlumatlandırıblar. Həmsədrlər sülh prosesinin bu və digər aspektlərini müzakirə etmək üçün ATƏT-in baş katibi Lamberto Zannyer ilə də görüşüblər.
DOSTLARINLA PAYLAŞ: