Milli Ordunun zabitləri korrupsiya ilə əlaqədar prezidentə müraciət edib
14 İyul 2011 Cümə Axşamı 22:37
Müdafiə Nazirliyi video vasitəsilə ünvanlanan mürəciəti yerində araşdırır.
Azərbaycan Silahlı Qüvvələrinin Beyləqanda yerləşən N” saylı hərbi hissəsinin 3 zabiti, kapitan Ramin Qasımov, leytenant Əsgər Əsgərov, gizir Şahlar Rzayev ordudakı korrupsiya faktı ilə əlaqədar Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər. Zabitlərin müraciətini əks elətdirən videolent internetdə də yayılıb.
“20-25 gün bundan qabaq qasırğa mənim bölüyümün damını dağıtdı. Atmalar, şiferi dağıtdı. Yeni tikdiyimiz hamamı darmadağın etdi. Biz tağım komandiri mayor Elmir Quliyevə müraciət etdik. O da dedi ki, “get düzəlt!”, - deyə Milli Ordunun zabiti Ramin Qasımov müraciətdə qeyd edib.
Məcburiyyət qarşısında qalan bölük və tağım komandirləri öz əməkhaqqı kartlarını girov qoyaraq tikinti materialları alıb kazarmanı təmir etdiriblər. Çətin vəziyyətlə qarşılaşan kapitan Qasımov əməkhaqqı kartının hazırda Beyləqandakı inşaat materialları mağazasında girov olduğunu bildirib. O, eyni zamanda tikinti mağazasında digər hərbçilərin də maaş kartlarının saxlandığı barədə məlumat verib. Hərbçilər kazarmanın təmirinə qoyduqları xərcin Müdafiə Nazirliyi tərfindən mağazaya ödənilməsini və əməkhaqqı kartlarının özlərinə qaytarılmasını tələb edirlər.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu video müraciət edənlərin Milli Ordunun əsgərləri olduğunu ANS-ə təsdiqləyib. O bildirib ki, müdafiə nazirinin tapşırığı ilə Beyləqandakı hərbi hissələrdən birinin zabitlərinin korrupsiya halları ilə bağlı prezidentə ünvanladığı videomüraciətin araşdırılmasına başlanılıb.
“Müdafiə Nazirliyi rəhbərliyi dərhal buna reaksiya verdi. Nazirin tapşırığı əsasında həmin vəziyyəti öyrənmək, araşdırma aparmaq üçün ora əməkdaşlar ezam edildi. Konkret bir fikir söyləmək üçün araşdırma başa çatmalıdır. Həqiqəti biz müəyyən etməliyik. Doğrudanmı bu belədir. Bu hansı səbəbdən yaranıb. Yəqin ki, çox qısa bir vaxtda ictimaiyyətə nəsə söyləyə biləcəyik”, deyə E. Sabiroğlu bildirib.
Videogörüntünün yayımlanmasından sonra prezidentə müraciət edən hərbçilərin ailə üzvlərinə nazirlik tərəfindən təzyiqlər edilməsi barədə səslənən məlumatlara gəlincə, nazirliyin sözçüsü buna da münasibət bildirib. “Ora səlahiyyətli əməkdaşlar ona görə gediblər ki, mahiyyəti öyrənsinlər. Həqiqəti aşkara çıxarsınlar. Söylənilənlərlə razılaşmaq olmaz. Konkret fakt ortaya qoyulmalıdır. Faktsız nəsə irəli sürmək doğru sayıla bilməz”
Qeyd edək ki, məsələyə Hərbi Prokurorluğun müdaxilə edib-etməyəcəyi barədə isə hələlik heç bir məlumat yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: