Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil
28 Sentyabr 2011 Çərşənbə 13:19
Metyu Brayza: "Azərbaycan münaqişəni hərbi güc tətbiq etmədən, sülh yolu ilə həll etmək niyyətinə ciddi yanaşır”.
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Qarabağ münaqişəsi tərəflərindən problemin hərbi yolla həllinə dair bəyanatların azalmasından razıdır.
“İndi heç kim Qarabağ münaqişəsinin hərbi yolla həlli haqqında danışmır, çünki problemin hərbi həll yolu mövcud deyil”, - deyə M.Brayza çərşənbə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun iclasından əvvəl jurnalistlərə bildirib.
Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə dair bəyanatlar indi əvvəlki kimi tez-tez səslənmir.
“Bunu müsbət hal kimi qiymətləndirirəm. Azərbaycan rəhbərliyinin nümayəndələri ilə çoxsaylı görüşlərdən sonra belə bir qənaətə gəlmişəm ki, Azərbaycan münaqişəni hərbi güc tətbiq etmədən, sülh yolu ilə həll etmək niyyətinə ciddi yanaşır”, - deyə səfir vurğulayıb.
O deyib ki, indiki mərhələdə baza prinsiplərini razılaşdırmaq prosesini yekunlaşdırmaq lazımdır. “Bu, həlli mümkün olmayan məsələ deyil, buna nail olmaq olar”, - deyə əvvəllər ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olan diplomat bildirib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibədə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: