Metyu Brayza: “Cənub dəhlizi reallığa çevrilir”
08 İyun 2011 Çərşənbə 00:27
Metyu Brayza: “ABŞ və Azərbaycan arasında münasibətlər bir çox sahələrdə inkişaf edir”.
“Bu gün aparılmış müzakirələr göstərir ki, bütün tərəflərin səyləri sayəsində Cənub dəhlizi reallığa çevrilməkdədir”. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Metyu Brayza bu sözləri bu gün XVIII Beynəlxalq “Xəzər neft, qaz, neft emalı və neft kimyası” sərgisinə və eyni mövzuda konfransa həsr edilmiş qəbulda söyləmişdir. Amerikalı diplomat bu layihənin həyata keçirilməsinə verilən töhfələrə görə Azərbaycan hökumətinə və bütün şirkətlərə minnətdarlığını bildirib.

M.Brayza konfransın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqini xüsusi qeyd edərək vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir.

ABŞ dövlət katibinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar tədbirdə çıxış edib. Azərbaycan ilə ABŞ-ın münasibətlərinin enerji sahəsində əməkdaşlıq çərçivəsindən xeyli kənara çıxmasını vurğulayan natiq qeyd edib ki, Azərbaycanın rəsmi şəxsləri və layihədə iştirak edən şirkətlərlə bir sıra səmərəli görüşlər keçirib.

Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerolayn Braun qeyd etmişdir ki, Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatının inkişafına sanballı töhfə verir. Keçən il Azərbaycana qoyulmuş xarici sərmayələrin 52 faizi Böyük Britaniyanın payına düşüb. K.Braunun sözlərinə görə, hazırda həftə ərzində Bakıdan Londona 10 birbaşa təyyarə reysi və Aberdinə 2 təyyarə reysi həyata keçirilməsi faktı da ölkələrimiz arasında əlaqələrin inkişafına dəlalət edir. O vurğulayıb ki, indi Azərbaycanda futbolun 100 illiyi qeyd edilir. Burada ilk dəfə 1911-ci ildə məhz britaniyalı neftçilər futbol oynayıblar.

Qəbul ABŞ-ın və Böyük Britaniyanın ölkəmizdəki səfirlikləri tərəfindən təşkil edilib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar