Metyu Brayza Bakıya gəlib
02 Aprel 2009 Cümə Axşamı 23:55
“Biz Türkiyə-Ermənistan sərhədlərinin açılacağına ümid edirik”

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın Azərbaycana səfəri başlayıb. Amerika Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson açıqlamasına görə, Metyu Brayza birgünlük səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə, o cümlədən ölkəmizin xarici siyasət idarəsində görüşlər keçirəcək. Görüşlərdə əsas diqqət Dağlıq Qarabağ münaqişəsinə yönəldiləcək, Azərbaycan ilə ikitərəfli və regional məsələlər müzakirə olunacaq. Açıqlamada bildirilir ki, ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan prezidentlərinə ATƏT-in Minsk qrupunun səylərinin prosesin səmərəli nəticəyə gətirib çıxaracağına ümid etdiyini bildirib. Obama administrasiyası bu məqsədə nail olmaq üçün bütün imkanlarından istifadə edərək öz üzərinə öhdəlik götürüb: “Bu irəliləyişi stimullaşdırmaq üçün dövlət katibi H.Klinton qarşıdan gələn bir neçə həftə ərzində prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüşü təşkil etmək məqsədi ilə Metyu Brayzanı yenidən regiona səfərə göndərib”.

Heydər Əliyev beynəlxalq hava limanında jurnalistlərə açıqlama verən amerikalı həmsədr deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, iki ölkə arasında sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun gördüyü işlərə müsbət təsir edə bilər”: “Biz sərhədlərin açılacağına ümid edirik. Azərbaycan da Türkiyə kimi bizim yaxın dostumuzdur. Heç kim istəmir ki, Azərbaycanın maraqlarına zidd olan nəsə baş versin. Hesab edirəm ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması müsbət addım olardı”. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar