Metyu Brayza Azərbaycanda qalan ikinci ABŞ səfiri ola bilər
29 Dekabr 2011 Cümə Axşamı 21:38
O, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri qismində son mətbuat konfransını keçirib.
Amerika Birləşmiş Ştatlarının Azərbaycanda artıq səfir səlahiyyəti başa çatan Metyu Brayza bu gün mətbuat nümayəndələri ilə vidalaşdı. Onun keçirdiyi mətbuat konfransında diqqət mərkəzində olan əsas məsələlərdən biri də Azərbaycanda qalıb-qalmayacağı olub.
Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayza fəaliyyətinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirib. M. Brayza bəzi kütləvi informasiya vasitələrində onun Azərbaycanda qalıb işləyəcəyi barədə yayılan təsdiqlənməmiş məlumatlara aydınlıq gətirib.
“ Əgər mənim namizədliyimlə bağlı səsvermə keçirilməsə, mən ABŞ Senatının yeni sessiyası başlayana kimi Vaşinqtona qayıtmağa məcburam. Sessiya yanvarın 3-də başlayır. Buna görə də səsvermə keçirilməsə, Vaşinqtona qayıadacağam ”, - deyə səfir bildirib.
Xatırladaq ki, səlahiyyət müddəti başa çatan M. Brayza Azərbaycanda qalacağı təqdirdə, ölkəmizdə işləyəcək sayca ikinci Amerika səfiri olacaq. Bundan əvvəl isə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskudero Bakıda qalmaq qərarını vermiş və Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti ilə məşğul olmuşdur. ABŞ isə dəfələrlə bəyanatla çıxış edərək keçmiş səfir S. Eskuderonun Birləşmiş Ştatlar hökumətini təmsil etmədiyini və onun yalnız bir fərd kimi çıxış etdiyini bildirmişdi.
Qeyd edək ki, M. Brayzanın Birləşmiş Ştatların Azərbaycana səfir təyin edilməsində yaranan problemlər Amerika-Azərbaycan münasibətlərini yenidən gündəmə gətirib. Səfir Ənn Dörsinin səlahiyyət müddəti bitdikdən sonra təxminən 2 il Birləşmiş Ştatların Azərbaycandakı səfiri postu boş qalmışdı ki, bunu da ekspertlər rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlərin gərginləşməsi kimi qiymətləndirirdilər. Yalnız keçən il ABŞ prezidenti Barak Obama Senat tətildə olduğu zaman M. Brayzanı xüsusi qaydada səfir postuna təyin etmişdi.
M. Brayzanın səfir səlahiyyətlərinin başa çatması və ölkəmizə yeni səfir təyinatı bir neçə ay vaxt aparacaq. Bu isə o deməkdir ki, Birləşmiş Ştatların Azərbaycandakı səfiri postu aylarla boş qala bilər və bu iki ölkə arasındakı münasibətlərə xələl gətirə bilər.
Xatırladaq ki, bir nesə gün öncə NATO Azərbaycana kəşfiyyat təyyarələrinin ölkə hava məkanından istifadə etməklə uçuşu ilə bağlı müraciət etmiş, Azərbaycan isə hava məkanından keçidə icazə verməmişdi. Bu hadisənin səfir postu ilə bağlı yaranmış narahatlıqla üst-üstə düşməsi isə diqqəti cəlb edir.
Yeri gəlmişkən, bu məsələyə M. Brayzanın da münasibətini öyrəndik. M. Brayza Azərbaycanın hava məkanından istifadəyə qadağa qoymadığını, əksinə icazə alma prosedurlarını yenidən nəzərdən keçirəcəyini deyib.
DOSTLARINLA PAYLAŞ: