Mətbuat Şurası Ramil Usubova müraciət etdi
30 İyul 2010 Cümə 19:15
Müraciətdə jurnalistin döyülməsi ilə bağlı hadisənin təfərrüratları barədə məlumat verilib.
Mətbuat Şurası “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlovun peşə fəaliyyətini yerinə yetirərkən fiziki təzyiqə məruz qalması ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

Milli mətbuatımızın 135 illik yubileyinin dövlət miqyasında geniş şəkildə qeyd olunduğuna dair xatırlamaların yer aldığı müraciətdə baş vermiş xoşagəlməz olay ölkədə media sahəsində əldə edilmiş uğurlara qarşı dayanmaq cəhdi kimi dəyərləndirilib.

Daxili işlər nazirinə ünvanlanan müraciətdə “Yeni Müsavat” qəzetinin Mətbuat Şurasına ünvanladığı məktub əsas götürülərək hadisənin təfərrüratları barədə də məlumat verilib. Daxili İşlər Nazirliyinin məsələni diqqətdə saxlayacağına, dərindən araşdıracağına, günahkarlar barədə qanunauyğun müvafiq ölçü götürəcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlov bu il iyulun 28-də Mərdəkanda peşə vəzifəsini yerinə yetirərkən idmançı geyimli naməlum şəxslər tərəfindən ağır bədən xəsarətlərinə məruz qalıb. Onun fotoaparatı sındırılıb, mobil telefonu əlindən alınaraq əlaqə yaratmasına maneçilik törədilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar