Mətbuat “GEN” MMC-nin məhkəməsinə buraxılmayacaq
17 Sentyabr 2009 Cümə Axşamı 19:35
Məhkəmə prosesində qalmaqal yaşandı
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “GEN” MMC-nin cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesində qalmaqal baş verib. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elbrus Əliyev ilkin istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadənin əksinə olaraq Göygöl rayon İcra Hakimiyyəti başçısına torpaq almaq üçün rüşvəti birbaşa özünün yox, şəriki, hazırda beynəlxalq axtarışda olan Ağa Seyidovun vasitəsi ilə verdiyini bildirib.
O, A.Seyidovun Gəncə şəhərindəki villasının müsadirə olunması vəsatəti ilə çıxış edib. Zərərçəkmişlərin nümayəndəsi Vidadi İsgəndərov istintaq materiallarında adı çəkilən millət vəkili Aydın Mirzəzadənin məhkəmə prosesinə çağırılması vəsatəti ilə çıxış edib. Məhkəmə vəkilin vəsatətini təmin etməyib.
Sonra hakimlə zərərçəkmiş şəxslər arasında mübahisə yaranıb və zərərçəkmiş şəxslərin bir qismi zaldan çıxarılıb. Hakim sonrakı proseslərdə mətbuatın iştirakına icazə verməyəcəyini bildirib. Proses sabaha qədər təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilənlər Əliyev Elbrus Bulud oğlu, Abbasov Əliyar Qənbər oğlu, Ağayev Həbib Məmmədağa oğlu, Məmmədov Nəbi Ağarəhim oğlu, Cəfərzadə Mehparə Mahmud qızı, Ələmov Asif Meyli oğlu, Səfərov İlkin Məzahir oğlu, Əliyev Ramil Saday oğlu və Əhmədov Kamran Sabir oğlu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1 (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq – külli miqdarda ziyanla törədildikdə) maddələri ilə ittiham olunurlar. Cinayət işi üzrə 10 nəfər təqsirləndirilir, 373 nəfər zərərçəkmiş kimi tanınıb.
DOSTLARINLA PAYLAŞ: