Məscidlərin həyətlərində namaz qılmaq qadağan edilib?
19 Fevral 2010 Cümə 18:10
Məşədi Dadaş məscidinə bu barədə xəbərdarlıq edilib
Bakıda məscidlərin həyətlərində namaz qılmaq qadağan edilib. Bu barədə məlumatı ANS PRESS-ə Nəsimi rayonu ərazisində yerləşən Məşədi Dadaş məscidinin icmasının sədri, "Mənəvi dünya" ictimai birliyinin sədri Hacı Şahin Həsənli verib. Onun sözlərinə görə, bu gün onlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bu barədə şifahi məlumat verilib.
“Biz onlardan qərarın hansı orqan tərəfindən, hansı əsaslarla verildiyini soruşduq və yazılı şəkildə qərarın göstərilməsini istədik. Bizə heç bir əsas göstərilmədi və bu barədə məlumat şifahi şəkildə bildirildi”, deyə Hacı Şahin Həsənli bildirib.
Hacı Şahin bu addımı dini etiqad və vicdan azadlığının məhdudlaşdırılması kimi qəbul etdiklərini bildirib. O, qeyd edib ki, insanların sərbəst şəkildə ibadətlə məşğul olmasına mane yaradılması düzgün hesab edilə bilməz. Onun sözlərinə görə, adıçəkilən məsciddə ibadətlə məşğul olan çoxdur – təqribən iki minə yaxındır.
“Ümumiyyətlə məscid az adam tutur. Onlardan minə yaxını məscidin içərisində, qalanları isə çöldə namaz qılır. Məscid ara küçədə yerləşdiyi üçün bu zaman ərazidə mərkəzi küçə bağlanmır. Bilirsiniz ki, Bakıdakı məscidlər iki-üç əsr bundan əvvəl tikilib. Onlar o zamanın əhalisinin sayına uyğun olub. Ancaq indi dindarların sayı artıb. Belə bir qadağa faktiki olaraq insanların cümə namazı qılmaqdan məhrum edilməsi deməkdir. Çünki məscidlərin tutumu azdır, insanlar ora toplaşa bilmirlər”.
Axund tövsiyə xarakterli bu qərarı icra etmək fikrində olmadıqlarını da deyib.
Məlumatla bağlı Dini Qurumarla İş üzrə Dövlət Komitəsindən mövqe öyrənmək istəsəkdə bu baş tutmayıb. Komitəyə edilən telefon zənglərinə cavab verən olmadı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: