Mərakeşin Azərbaycandakı səfiri Tovuz rayonuna səfər edib
25 İyul 2011 Bazar Ertəsi 16:06
Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Tovuz rayonuna səfər edib.
APA-nın məlumatına görə, millət vəkili ilk olaraq diplomata Azərbaycan xəritələri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü haqqında məlumat verərək ötən əsrlər boyu qonşu dövlətlərin işğalçı siyasəti nəticəsində Azərbaycan Respublikasının ərazilərinin tədricən bölünərək həmin dövlətlərin tərkibinə qatıldığını və hal-hazırda isə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini bildirib. Sonra isə səfir rayonun Şəhidlər Xiyabanını ziyarət edib, Tovuz məscidinə baş çəkib.
Ermənistanla sərhəddə yerləşən Ağdam kəndinə gedən səfirə Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq sərhəd kəndlərini, sivil insanları atəşə tutması, sakinlərin əkin-biçinlə məşğul olmalarına mane olmaları, xüsusilə yay aylarında yanğınlar törətmələri, snayperdən açılan atəşlə əkin sahələrinin suvarılmasına mane olmaları barədə məlumat verilib. Bildirilib ki, sakinlər artıq bir neçə ildir ki, kənd qəbiristanlığına gedərək yaxınlarının qəbirlərini ziyarət edə bilmirlər. Çünki kənd qəbiristanlığı sərhədə yaxın ərazidə yerləşir və Ermənistan Silahlı Qüvvələrinin snayperləri qəbiristanlığa gedən sakinləri hədəfə alırlar. Onlar son bir neçə il ərzində qəbiristanlığı ziyarət edən bir neçə kənd sakinini qətlə yetirib, bir neçəsini isə yaralayıblar. Bu səbəbdən də sakinlər yeni qəbiristanlıq salıblar. Ermənistan Silahlı Qüvvələrinin hər il qəbiristanlığı və onun içərisində yerləşən tarixi-dini abidələri yandırması kənd sakinləri üçün böyük faciədir.
Millət vəkili Qənirə Paşayeva Mərakeş səfirinin Tovuz rayonuna səfərinin çox əhəmiyyətli olduğunu bildirib. Qeyd edək ki, sərhəd kəndində olan diplomat həmçinin burada xatirə olaraq ağac da əkib.
Səfər çərçivəsində Hassan Hami Tovuz rayonunun icra başçısı Tofiq Zeynalovla görüşüb. Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva səfirə rayonun coğrafi mövqeyi, strateji əhəmiyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat veriblər. İcra başçısı ilə görüşdə səfirə saz hədiyyə verilib. Millət vəkili Qənirə Paşayeva Mərakeşin bir bölgəsi və ya şəhəri ilə Tovuzun qardaşlaşmasının çox əhəmiyyətli ola biləcəyini, Mərakeşin bölgələri ilə Tovuz arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib və bu istiqamətdə təkliflə çıxış edib.
Səfir Hassan Hami Tovuza səfərindən məmnun qaldığını, Azərbaycanın və onun ayrı-ayrı bölgələrinin sürətlə inkişaf etdiyini və Mərakeşin Azərybaycanın ayrı-ayrı bölgələri, o cümlədən Tovuzla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunan səfir bildirib ki, onun ölkəsi bütün beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb və dəstəkləyir. Səfir rayonun turizm üçün görməli yerləri, tarixi abidələri ilə də tanış olub və bu səfərdən çox razı qaldığını deyib.
Qonaqlar həmçinin Tovuz rayonunun Aşağı Ayıblı kəndində arxeoloji qazıntılar aparılan «Menteş təpə» adlanan ərazidə də oldular. Burada onlara bizim eradan əvvəl 4-cü minilliyə aid olan qədim yaşayış yerində tikili qalıqları, istehsal sahələrini əks etdirən emalatxanalar göstərilib. “Menteş” adlanan ərazidə 160 kv.metr sahəni əhatə edən kurqan aşkar edilib. Qeyd edək ki, aparılan arxeoloji tədqiqatlarda iştirak edən fransalı arxeoloqlar da səfir Hassan Hamiyə bu qədim yaşayış yeri haqda məlumat veriblər. APA
DOSTLARINLA PAYLAŞ: