Mənşəyi bilinməyən adamlar ölkədə at oynadır
29 Mart 2013 Cümə 18:10
Kinorejissor Şeyx Əbdül Mahmudbəyovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı arasındakı mülk davası davam edir.
Tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyovla Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında gedən mülk davası davam edir. Artıq 1 ildir ki, Şeyx Əbdülün mənzil problemi həll olunmur. Məsələyə aydınlıq gətirmək üçün "Azadlıq" Şeyx Əbdüllə əlaqə saxlayıb. Şeyx Əbdül bildirdi ki, onun evinin 6 addımlığında bir ildir ”Qış bulvarı" salırlar.
"1 ildir ki, mən təhlükə altında yaşayıram. Fövqəladə Hallar Nazirliyinin komissiyası burda yaşamağın təhlükəli olması ilə bağlı qərar çıxarıb, tanınmış deputatlar müraciət eləyib, Prezident Administrasiyası göstəriş verib, Nəsimi Rayon Məhkəməsi müraciət ünvanlayıb, ancaq bu tikintini aparan adamlar heç kimi saymırlar. Sonradan bəlli olub ki, bu tikintini “FF-2011" şirkəti tikir. Bunlar Bakı Şəhər Icra Hakimiyyəti ilə əlbir fəaliyyət göstərirlər. Mən özümə qarşı bu hərəkəti qəbul edə bilmirəm. Bu hökumətə nə pislik eləmişəm? Indiyə qədər bu hökumətdən heç nə almamışam, öz halal zəhmətimlə 4 otaq ev almışam. Ancaq bu evdə qorxa-qorxa yaşayıram. Mənim kimi ictimai xadimə qarşı bu cür rəftar eləyirlərsə, görün adi vətəndaşa nə zülm eləyirlər. Başa düşə bilmirəm, bu özəl tikintidi, Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndələrinin burda nə işi var? Hacıbalanın nə ixtiyarı var ki, insanların şəxsi mülkiyyətinə müdaxilə etsin. Bütün mümkün variantlara əl atacam ki, öz istəyimə nail olum. Bu olanlar heç bir insanlığa, əxlaqa, mənəviyyata sığmır. İnsanlara qarşı bu cür zülm yolverilməzdir. Heç kim qanuna hörmət eləmir, məhkəməyə məhəl qoymur. Bunlar hüquq diliylə yox, quldur diliylə danışırlar. Mənşəyi bilinməyən adamlar ölkədə at oynadır”, - deyə o vurğulayıb.
Şeyx Əbdül bildirdi ki, o, Prezidentə teleqram vurub, sabah onu qəbul eləməyə razılıq veriblər.
DOSTLARINLA PAYLAŞ: