Məmmədyarov meksikalı həmkarı ilə görüşüb
29 Mart 2011 Çərşənbə Axşamı 15:45
Tərəflər ikitərəfli əlaqələr, xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarına rəsmi səfəri çərçivəsində 28 mart tarixində Meksikanın xarici işlər naziri Patrisia Espinoza Kanteyano ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir E.Məmmədyarovu salamlayan xanım P.Espinoza, Azərbaycanla ikitərəfli əlaqələrə böyük önəm verdiyini bildirib. Nazir P.Espinoza, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyinə toxunaraq, enerji sektorunda Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Meksikanın gənc enerji emalı sahəsində fəaliyyət göstərən mütəxəssislərin və gənclərin Azərbaycan Neft Akademiyasında təhsil almaq imkanlarının yaradılmasında maraqlı olduğunu bildirib.

2010-cu ildə Meksikada Azərbaycan Mədəniyyət günlərinin uğurla keçməsini və bu kimi mədəniyyət tədbirlərinin Meksika ictimaiyyətinə Azərbaycanı tanıtmaq, onun mədəniyyəti və incəsənətini təbliğ etmək üçün əlverişli imkan olduğunu diqqətə çatdırıb.

Nazir Məmmədyarov, öz növbəsində Azərbaycanın Latın Amerikası regionunda ilk Səfirliyinin məhz Meksikada təsis edilməsini Azərbaycanın Meksika ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyinin bariz nümunəsi olduğunu bildirib.

Görüş zamanı tərəflər, ikitərəfli əlaqələr, xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar. Azərbaycanın davam edən uğurlu enerji siyasəti ilə bağlı həmkarına geniş məlumat verən nazir Məmmədyarov Meksikanın da neft istehsal edən dövlət olduğunu vurğulayaraq, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensialın olmasını diqqətə çatdırıb. Eyni zamanda, yüksək texnologiyalara məxsus olan Meksika ilə telekommunikasiya sahəsində əməkdaşlıq edilməsinin mümkünlüyü qeyd edilib.

Daha sonra Nazir Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumat verib.

Görüşdə BMT islahatları, Yaxın Şərqdə baş verən hadisələr ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmin gün, Elmar Məmmədyarov Meksika XİN-in Diplomatik Akademiyasında Azərbaycanın xarici siyasəti ilə bağlı təşkil edilmiş elmi konfransda çıxış edib. Meksika Konqresi, həmçinin ölkənin dövlət və hökumət üzvlərinin, siyasi-ictimai dairələrinin, Meksikada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin qatıldığı tədbirdə, Nazir Məmmədyarov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlər haqda məlumat verib, iqtisadiyyat, xüsusilə enerji sahəsindəki uğurlar barədə iştirakçıları məlumatlandırıb.

Çıxış zamanı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə mühüm əhəmiyyət verilib. Nazir Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın 20% ərazilərinin işğal edilməsi, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin mövcud olmasını diqqətə çatdırıb, münaqişənin həlli ilə bağlı BMT TŞ-ın məlum qətnamələri, həmçinin digər beynəlxalq təşkilatların Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin dayandırılması və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı qətnamələri haqda konfrans iştirakçılarına geniş məlumat verib.

Görüş və elmi konfransdan sonra, Nazir E.Məmmədyarov Meksikanın mətbuat nümayəndələri ilə görüşüb, Azərbaycan və Meksika arasında ikitərəfli münasibətləri və əməkdaşlığı ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Nazir E.Məmmədyarovun Meksikaya rəsmi səfəri davam edir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar