Mütəxəssislərin fikrincə, belə hadisələr daha çox laqeydlikdən baş verir.
Bir zaman kimisə vəhşicəsinə qətlə yetirmək, başını kəsmək, işgəncə verib öldürmək kimi dəhşətli səhnələrə ancaq filmlərdə rast gəlirdik. Qorxu ilə izlədiyimiz bu filmlər bu gün real həyatımızda adi hala çevrilib. Belə dəhşətli cinayətlərdən biri martın 23-də Cəlilabad rayonunda törədilib.
Rayon sakini Musa Quliyev aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qohumu Nahidə Quliyevanı və onun qızları 2 yaşlı Mədinə və 4 yaşlı Nurayı faciəvi şəkildə evdə başlarını kəsərək qətlə yetirib. Qatil sonradan izi itirmək üçün evdə yanğın törədib. Qonşular Nahidə Quliyeva və 4 yaşlı Nurayın meyidini evdən çıxara bilsələr də, 2 yaşlı Mədinənin meyidi yanaraq tanınmaz hala düşüb. Hadisəni törətməkdə şübhəli bilinən Musa Quliyev tutulub və o törətdiyi əməli etiraf edib.
Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, məişət qətllərinin baş verməsinin qarşısını almaq üçün insanlar arasında maarifləndirmə işləri aparılmalıdır. Mütəxxəsis hesab edir ki, əksər hallarda ailədə baş verən münaqişələrə yaxınları laqeyd qalır, polisə vaxtında məlumat vermirlər, məişət qətllərinin də sayı durmadan artır: “Avropada, Amerikada ailədə hər hansı bir münaqişə baş verdikdə tez polisə məlumat verirlər və polis bu cür insanlara qarşı müəyyən tədbirlər görür. Bizdə isə tam başqadır. Bu sahədə maarifləndirmə işləri demək olar ki heç yoxdur”.
Millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, bu cür şəxslərə qarşı cəzalar daha da sərtləşdirilməlidir. Belə ki, qətl törətdiynə görə, 15 il cəza çəkən bir insan üçün bu adi hala çevrilir və o, azadlığa çıxandan sonra yenidən bu cür cinayətlərə əl atmaqdan çəkinmir.