Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın ad günüdür.
Mehriban Əliyeva Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.
Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov
adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi
altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun
rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub.
1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ
olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan
“Azərbaycan - İrs” jurnalını təsis edib.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
Mehriban Əliyeva, həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondunun rəsmi açılışı olub.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və
musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki
fəaliyyətinə görə, Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına
layiq görülüb.
2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli
Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv
seçilib.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban
Əliyeva “İlin qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da
ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və
mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan
xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə
Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut
Xaç” ordeninə layiq görülüb.
2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi
Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov II Seçki
Dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92.12% (23106 səs) səs
toplayaraq deputat seçilib.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin
təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin
qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın
müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika
üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə
hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə
Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan edib.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə
genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara
diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin
islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva
2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq
görülüb.
Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın
29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban
Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi
işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı
verilib.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına
xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında
Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.
Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin
inkişafına verdiyi töhfəyə görə 14 sentyabr 2009-cu ildə Polşa
Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif
edilib.
10 fevral 2010-cu il tarixdə isə Fransa Prezidentinin sərəncamı ilə
“Fəxri legionun böyük xaç komandoru” ordeni ilə təltif olunub.
Ailəlidir, iki qızı, bir oğlu, iki nəvəsi var.