Mehriban Əliyeva Litvanın Azərbaycandakı səfiri ilə görüşüb
10 İyul 2012 Çərşənbə Axşamı 20:57
Mehriban Əliyeva: “Əminəm ki, bizim əməkdaşlıq təcrübəmiz dost dövlətlərin münasibətləri necə qurmasına nümunədir”.
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanas ilə görüşüb.
Səfir Kestutis Kudzmanası Heydər Əliyev Fondunda salamlayan Mehriban xanım Əliyeva Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib. Azərbaycanın birinci xanımı ölkəmizdə diplomatik fəaliyyət müddəti başa çatan litvalı səfirə gələcək işlərində uğurlar arzulayıb.
Heydər Əliyev Fondu ilə səmərəli əməkdaşlığa görə diplomata təşəkkürünü bildirən Mehriban xanım Əliyeva ölkələrimiz arasında həyata keçirilən layihələrin davam etdiriləcəyinə ümidvar olduğunu bildirərək deyib: “Əminəm ki, bizim əməkdaşlıq təcrübəmiz dost dövlətlərin münasibətləri necə qurmasına nümunədir”.
Səfir Kestutis Kudzmanas Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mühüm layihələri yüksək qiymətləndirib. Diplomat Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyi müddətdə Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu çərçivəsində görülən işlərdən, birgə uğurlu layihələrdən danışdı və bu layihələrin bundan sonra da davam etdiriləcəyini bildirib.
DOSTLARINLA PAYLAŞ: