Mehriban Əliyeva Krans Montana Forumunun Qızıl medalına layiq görülüb
25 İyun 2011 Şənbə 02:57
Mehriban Əliyeva: Uğurlu iqtisadi islahatlar Azərbaycanı regionda güclü və aparıcı ölkəyə çevirib.
Brüsseldə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub. Bu münasibətlə təşkil olunan mərasimə gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Krans Montana Forumunun prezidenti Jan Pol Karteron qarşılayıb. Mehriban xanım Əliyeva mərasimə dəvət olunan qonaqlarla görüşüb.
Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından nahar verilib. Krans Montana Forumunun Qızıl medalı dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Mehriban xanım Əliyevanın Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiq edir.
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Krans Montana Forumunun Qızıl medalını Mehriban xanım Əliyevaya təqdim edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında deyib ki, bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir. “Müstəqil ölkə kimi Azərbaycan gəncdir, lakin ölkəmizin qədim tarixi vardır. Cənubi Qafqazda Xəzər dənizinin sahilində ilk dövlətlər eramızdan əvvəl II-I minillikdə mövcud idi. Tarixi İpək Yolu ölkəmizin ərazisindən keçib və Azərbaycan uzun əsrlər boyu sivilizasiyalar və mədəniyyətlərin qovuşduğu məkanda yerləşib. Müxtəlif dövrlərdə ölkəmiz müxtəlif imperiyaların hissəsi olub, lakin xalqımız öz tarixini, dilini, mədəniyyətini və milli özünəməxsusluğunu qoruyub saxlaya bilib”, - Mehriban Əliyev deyib.
Azərbaycanın birinci xanımı bildirib ki, 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikası müsəlman aləmində ilk parlament respublikası olub. Onun sözlərinə görə, həmin vaxt müsəlman qızları üçün ilk dünyəvi məktəb açılıb, Azərbaycan qadınları səs vermək hüququ əldə ediblər, ölkədə ilk opera və balet yaradılıb: “Əfsuslar olsun ki, respublika ciddi geosiyasi problemlərlə və amillərlə üzləşdi və ilk Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşadı. Yetmiş ildən sonra Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa etdi. İlk illərdə biz bir çox problemlər və çətinliklərlə üzləşdik. Çünki Azərbaycan öz siyasi sistemini və milli iqtisadiyyatını sıfırdan qurmalı idi. Bundan əlavə, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində vəziyyət daha da ağır idi. Bu təcavüz nəticəsində ərazimizin 20 faizi hələ də işğal altındadır və bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün kimi yaşayır. Bütün həmin çətinliklərə baxmayaraq, bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Uğurlu iqtisadi islahatlar Azərbaycanı regionda güclü və aparıcı ölkəyə çevirib və biz açıq siyasət, Avratlantik məkana inteqrasiya siyasətini yürüdürük. Bu gün Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqının strateji tərəfdaşı hesab edilir və Azərbaycan Avropanın qaz təchizatında öz rolunu oynamağa hazırdır”.
Mehriban Əliyevanın fikrincə, Azərbaycanın siyasi və iqtisadi inkişafı nəinki strateji rəqəmlərdə və faiz nisbətində, o cümlədən yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin açılması, yolların çəkilməsi, məktəb, xəstəxana, muzey, idman və mədəniyyət mərkəzlərinin tikintisində görünür.
Heydər Əliyev Fondu haqqında məlumat verən Azərbaycanın birinci xanımı deyib ki, Fond ölkənin “Evrovision” mahnı müsabiqəsində iştirakının təşəbbüskarı olub: “Biz bu müsabiqədə yalnız dörd dəfə iştirak etmişik, buna baxmayaraq, Azərbaycan hər zaman müsabiqə liderləri arasında olub. Böyük fərəh hissi ilə qeyd edirik ki, gənc müğənnilərimiz “Evrovision-2011”-in qalibləri oldular. Mən bizi dəstəkləyən bütün avropalılara təşəkkürümü bildirmək istəyirəm”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: