Mehriban Əliyeva Fransanın keçmiş baş naziri ilə görüşüb
11 Fevral 2013 Bazar Ertəsi 20:38
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva: Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin Fransada tanınmasını istəyir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Fransa Respublikasının keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ilə görüşüb. Mehriban Əliyeva Dominik de Villpen ilə Parisdəki görüşünü məmnunluqla xatırladıb. Ölkələrimiz arasında gözəl əlaqələrin olduğunu deyən Mehriban xanım Əliyeva Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasının məhz fransız şirkətinin dəstəyi ilə reallaşmasını buna bariz nümunə kimi göstərib. O, Fransanın köməyi ilə bu proqramın gələcəkdə də davam edəcəyinə ümidvarlıq bildirib.
“Biz Heydər Əliyev Fondu olaraq humanitar, mədəniyyət, təhsil sahələrində də əməkdaşlıq edirik. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin Fransada tanınmasını istəyir və biz bu istiqamətdə geniş fəaliyyət göstəririk. Artıq bir ildir ki, Fond Fransada Azərbaycan mədəniyyətini təbliğ edən iri layihə həyata keçirir. Bu layihə çərçivəsində tədbirlər bütün Fransanı əhatə edir”, - deyə Mehriban Əliyeva vurğulayıb. Azərbaycanın birinci xanımı bu tədbirlərin maraqla qarşılandığını, Fransa mətbuatında Azərbaycan barədə müsbət yazıların sayının artdığını xüsusilə qeyd edib.
Təhsil sahəsində əməkdaşlığa da toxunan Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda Fransız məktəbinin inşa olunduğunu deyib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Dominik de Villpenin səfərinin uğurlu olacağına əminliyini ifadə edib.
Dominik de Villpen xoş sözlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib, Azərbaycana səfərindən böyük məmnunluq duyduğunu deyib. O, Azərbaycanı qazandığı uğurlar münasibətilə bir daha təbrik edib, birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsini ölkənin artan nüfuzunun bariz göstəricisi adlandırıb. Fransalı qonaq bu oyunların keçirilməsi ilə əlaqədar yaradılmış təşkilat komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyevaya uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
DOSTLARINLA PAYLAŞ: