"Rusiya prezidenti Dmitri Medvedevin Xəzərin bölünməsi ilə bağlı bəyanatı sadəcə olaraq tövsiyədir". Bu barədə politoloq Rasim Musabəyov Medvedevin Həştərxanda keçirilən toplantıda Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın hazırlanması istiqamətində aparılan işlərin sürətləndirilməsi barədə göstəriş verməsini şərh edərkən bildirib.
Politoloq hesab edir ki, Xəzəryanı dövlətlərdən biri olan Türkmənistan yersiz iddialarla çıxış edib və Medvedevin bəyanatları onu fikrindən döndərə bilməyəcək: "Təəssüflər olsun ki, Türkmənistan yersiz iddialarla çıxış edir. Ancaq düşünmürəm ki, bilavasitə bu sözlərin arxası ilə Türkmənistan öz sözlərini dəyişəcək. Türkmənistanın Rusiyadan heç bir asılılığı yoxdur".
R. Musabəyovun sözlərinə görə, Medvedevin çıxışı Türkmənistana ünvanlanmış bir tövsiyə kimi qəbul edilə bilər. Çünki ümumilikdə Rusiya Qazaxıstanla Xəzərin bölünməsi məsələsini razılaşdırıb. "Bu tövsiyədir. Türkmənistana Azərbaycan da, Qazaxstan da dəfələrlə deyib ki, razılaşmaya gəlmək lazımdır. Hələlik, Türkmənistan öz iddialarından əl çəkmək istəmir. Bu iddialar tamamilə yersizdir ki, Abşeron yarımadası nəzərə alınmamalıdır. Niyə nəzərə alınmamalıdır? Buna heç özləri də cavab tapa bilmirlər".
Politoloq qeyd edir ki, hazırda Türkmənistan və Rusiya arasında gərginlik var və hər iki ölkə qaz məsələsində anlaşa bilmir. "Nə Türkmənistan Rusiyaya qaz satır, nə də Türkmənistan Rusiyadan qaz alır. Rusiya əvvəlki imzalanmış sazişin dəyişdirilməsinə çalışır. Türkmənistan isə buna razılaşmır. Münasibətlərdə müsbət vəziyyət yoxdur".
Bütövlükdə D. Medevedin çıxışını qiymətləndirən politoloq hesab edir ki, Rusiya dövlət başçısının çıxışı əslində heç nə demək deyil: ""Razılaşma əldə etmək lazımdır". Biz də bunu deyirik. Bu hələlik sadəcə olaraq sözdür".
Həştərxanda keçirilən toplantıda Rusiya prezidenti Dmitri Medvedev Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın hazırlanması istiqamətində aparılan işlərin sürətləndirilməsi barədə göstəriş verib. Onun sözlərinə görə, bu konvensiya özündə Xəzəryanı əməkdaşlığın bütün tərəflərini əhatə edəcək. «Burada Xəzər sahilində yerləşən bütün dövlətlərin maraqları mütləq şəkildə nəzərə alınmalıdır. Hər 5 Xəzəryanı dövlət buna görə ciddi məsuliyyət daşıyır. İstənilən istiqamətdə əməkdaşlığı da 5 dövlətin özü müəyyən etməlidir,- Rusiya prezidenti Dmitri Medvedevin bəyanatında belə deyilir. Medvedev həmçinin bu yaxınlarda Xəzəryanı ölkələrin liderləri ilə görüşün keçiriləcəyini də əlavə edib.
Xatırladaq ki, Türkmənistan iddia edir ki, Xəzər dənizinin Azərbaycanla Türkmənistan arasında bölünməsində orta xətt prinsipindən istifadə edərkən Abşeron yarımadasının təsiri nəzərə alınmamalıdır, o cümlədən Çilov adası elementlər sırasından çıxarılmalıdır.
Aytən Həmidova /ANS PRESS/