Bu gün Bakıda Beynəlxalq Əmək Təşkilatının məcburi əməyə dair xüsusi proqramının rəhbəri Rocer Plantın iştirakı ilə Azərbaycanda məcburi əməyin vəziyyəti ilə bağlı konfrans keçirilib. Konfransın işində iştirak edən DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev ölkədə məcburi əməyə qarşı mübarizə ilə bağlı məruzə edib. O, qeyd edib ki, 2008-ci ildə və cari ilin 5 ayı ərzində məcburi əməyə cəlb etməklə bağlı 4 fakt aşkar olunub. "Göyçay rayonunda Şərafət Məmmədova həmin rayonun sakini olan digər qadını zor tətbiq etmək hədəsi ilə evində bütün fiziki əmək tələb olunan işləri yerinə yetirməyə məcbur edib. Onun sənədlərini özündə saxlayaraq qohumlarının yanına getməsinə və ondan ayrılıb sərbəst yaşamasına imkan verməyib. Bu əməlinə görə Şərafət Məmmədova cinayət məsuliyyətinə cəlb olunub.
Digər bir fakta görə, Zərdab rayon sakini Şahin Fətəliyev Zərdab, Ucar və Göyçay rayon sakinləri olan 9 nəfəri Rusiyanın Samara şəhərində 6 ay tikinti sahəsində işlətməklə məcburi əməyə cəlb edib. Bu işlərdən imtina etmək istəyən zərərçəkmişləri yaşayış üçün şəraiti olmayan zirzəmidə saxlamaqla onlara fiziki və psixoloji zor tətbiq edilib. Şahin Fətəliyevin əməli ifşa edildikdən sonra o, həbsə alınıb. Digər bir fakta görə isə, Yardımlı rayon sakini Ağcəbədi RPŞ-yə müraciət edərək vətəndaş Habil Zeynalovun ona əmək haqqı vermədən 2004-cü ildən 2009-cu ilin mart ayınadək öz fermasında məcburi işlətdiyini bildirib. Araşdırma zamanı məlum olub ki, Habil Zeynalov 5 ilə yaxın müddətdə zərərçəkmişə zor tətbiq edərək onun azadlığını məhdudlaşdırıb və bu yolla onu fermasında işlədib".
İdarə rəisi konfrans iştirakçılarını ölkədə insan alveri ilə bağlı vəziyyətlə də tanış edib. O, bildirib ki, ötən il ərzində insan alveri cinayəti ilə bağlı 76 fakt aşkar edilib. Bu cinayətə görə 91 nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, 78 nəfər insan alveri qurbanı müəyyən edilib. Həmin müddət ərzində insan alveri ilə məşğul olan 39 cinayətkar qrup aşkar edilərək zərərsizləşdirilib.
Esmira Cavadova /ANS PRESS/