MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib
17 Noyabr 2011 Cümə Axşamı 13:24
Qazaxıstanın Almatı şəhərində MDB ölkələri Müdafiə Nazirləri Şurasının 61-ci iclası keçirilib.
APA-nın Qazaxıstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ukrayna müdafiə nazirliklərinin nümayəndə heyətləri iştirak edib.

Nazirlər müxtəlif istiqamətlər üzrə 20-dən çox məsələyə baxıblar. Onlar 2011-ci il ərzində Müdafiə Nazirləri Şurasının orqanlarının fəaliyyətinin nəticələrini təhlil edib və 2012-ci il üçün iş planına baxıblar.

Toplantıda müdafiə nazirləri hərbi sferada inteqrasiya proseslərinin inkişafı, hərbi təyinatlı məhsulların yaradılması və sistemlərin birgə təkmilləşdirilməsi, hərbi-texniki əməkdaşlığın prioritet istiqamətləri, elmi və elmi-pedaqoji kadrların hazırlığı sahəsində əlaqələrin perspektivləri, uçuşların təhlükəsizliyi, növbəti ildə hava hücumuna qarşı birləşmiş müdafiə sisteminin birgə tədbirləri barədə müzakirələr aparıblar.

“MDB Müdafiə Nazirləri Şurasının fəaliyyəti nəticəsində şəxsi və birgə təhlükəsizliyin xeyrinə MDB ölkələri ordularının arasında sıx əlaqələr yaradılıb”, - deyə Rusiyanın müdafiə naziri Anatoli Serdyukov bildirib.

Qazaxıstanın müdafiə naziri Adilbək Caksıbekov isə iclasın işgüzar və konstruktiv keçdiyini deyib. O, MDB ölkələrinin çoxtərəfli əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar