Mavritaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
16 İyul 2010 Cümə 14:20
Bakıya səfər edən Mavritaniya prezidenti Milli Məclisdə olub.
Azərbaycanda rəsmi səfərdə olan Mavritaniya prezidenti Məhəmməd Uld Əbdüləziz Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişafı üzrə fikir mübadiləsi aparılıb, Mavritaniya prezidentinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrdə yeni mərhələ açdığı qeyd olunub.

Parlamentlərarası əlaqələrdən danışan Z.Əsgərov bildirib ki, bu səfər hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin inkişafına böyük təkan verəcək, parlamentlərdə dostluq qruplarının formalaşmasına şərait yaradacaq.

İki ölkə arasında həm BMT, həm də İslam Konfransı Təşkilatı çərçivəsində yaxşı əlaqələrin olduğunu qeyd edən Milli Məclis sədrinin birinci müavini Mavritaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyinə görə təşəkkürünü bildirib. İşğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnaməyə indiyədək məhəl qoymadığı və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığı diqqətə çatdırılıb.

Z.Əsgərov İslam Konfransı Təşkilatına üzv dövlətlərin 2014-cü ildə keçirilməsi nəzərdə tutulmuş zirvə toplantısına Azərbaycanın ev sahibliyi etmək arzusunu Mavritaniya prezidentinin nəzərinə çatdırıb və ölkəmizin namizədliyini dəstəkləməyi xahiş edib.

Həmçinin məlumat verilib ki, 2012-2013-cü illərdə Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü kimi namizədliyini irəli sürmək istəyir və bu məsələdə də dost ölkələrin dəstəyinə ehtiyac duyur.

Öz növbəsində Mavritaniya prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına böyük töhfələr verəcəyinə əminliyini bildirib. “Mavritaniya iki dövlət arasında hərtərəfli əməkdaşlığın genişlənməsində maraqlıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə gəldikdə isə, Mavritaniya Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması ilə bağlı haqlı mövqeyini həmişə dəstəkləmiş və bundan sonra da birmənalı şəkildə dəstəkləyəcək”, - deyə Mavritaniya prezidenti qeyd edib.

Mavritaniya prezidenti, həmçinin parlamentlərarası əlaqələrin genişləndirilməsini, dostluq qruplarının yaradılmasını məqsədəuyğun hesab edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar