Marneulidə Beynəlxalq Gənclər Gününə həsr edilən tədbir keçirilib
05 Noyabr 2011 Şənbə 18:04
Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneulidə Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının (GAGİ) təşəbbüsü ilə Beynəlxalq Gənclər Gününə həsr edilən tədbir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlı və gürcü gənclərinin iştirak etdiyi tədbiri GAGİ-nin sədri Leyla Məmmədova açaraq, Beynəlxalq Gənclər Gününün tarixindən və bugünkü əhəmiyyətindən, bütün dünya gənclərinin birliyindən, gürcü və azərbaycanlı gənclərin dostluğundan, həmrəy olmağından danışıb və bu tədbirin hər il ənənəvi olaraq keçiriləcəyini bildirib.

Sonra Gürcüstan paytaxtında fəaliyyət göstərən «Qafqaz Evi» nin nümayəndəsi Tamar Ucuxu çıxış edərək, «Qafqaz Evi»nin milli azlıqların bədii yaradıcılıq məhsullarını tərcümə etdirməsindən, bu Evin qapılarının Qafqaz və onun regionlarında sülhsevər insanların üzünə həmişə açıq olduğunu bildirib: «Mənə çox xoşdur ki, bu gün biz azərbaycanlıların kompakt yaşadığı bölgədə bu möhtəşəm tədbiri qeyd edirik».

«Qafqaz Evi»nin nümayəndəsi GAG İ-nın sədri Leyla Məmmədovaya gürcü dilinə tərcümə edilən «Azərbaycan folkloru», «XX əsr Azərbaycan poeziyası», gürcü yazıçılarından İlya Çavçavadzenin əsərlərini, Cabua Amirecibinin «Data Tutaşxiya», eləcə də gürcü və Azərbaycan dillərinə tərcümə olunan digər kitabları hədiyyə edib. Gürcüstanda ali təhsil alan dağıstanlı tələbə isə şair-tərcüməçi Giorgi Lobjanidzenin gürcü dilinə tərcümə etdiyi Qurani-Kərimi GAGİ-nin sədrinə bağışlayıb. L.Məmmədova bu qiymətli hədiyyə üçün təşəkkürünü bildirib.

Sonra Qafqaz Xalq Universitetinin Cənubi və Şimali Qafqaz gənclərinin iştirakı ilə həyata keçirilən və Qafqaz xalqlarının mədəniyyətindən, tarixindən, etnoqrafiyasından, demoqrafiyasından və iqtisadiyyatından bəhs edən layihənin təqdimatı keçirilib.

Tədbirdə «Sarvan» folklor rəqs ansamblının ifasında gürcü və Azərbaycan xalq rəqsləri nümayiş etdirilib və Borçalı aşıqlarının ifasında mahnılar səsləndirilib.

Tədbirdə Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubov, ictimaiyyət və QHT nümayəndələri, jurnalistlər, ziyalılar, Tiflisdə və Marneulidə təhsil alan gürcü və azərbaycanlı tələbələr iştirak ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar