Marneuli sakini: "Hamı onu "qız Fərda" kimi tanıyırdı"
07 May 2010 Cümə 14:00
ADNA-dakı terrorla bağlı məhkəmə prosesi keçirilib.
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror hadisəsi ilə bağlı təqsirli bilinən şəxslərin işi üzrə məhkəmə prosesi keçirilib. ANS PRESS-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hadisənin şahidləri ifadə veriblər.

İlk ifadə verən Gürcüstanın Marneuli rayon sakini Zəhra Hüseynova bildirib ki, 2007-ci ildə Bakıya gəlin köçüb. Fərda Qədirovu isə uşaq vaxtı görüb.

Z. Hüseynovanın sözlərinə görə, Fərda Qədirov Gürcüstanda olarkən onun anasıgilə gəlib. Anası isə Fərdanın telefonu ilə Zəhraya zəng edib. Marneuli sakininin sözlərinə görə, o, anası ilə danışarkən Fəda arxadan qışqırıb ki, onun üçün Bakıda kirayə qalmağa ev tapsın: “İki-üç gündən sonra zəng elədim ki, ev tapmışam. Amma Fərda dedi ki, artıq lazım deyil. Özü ev tapıb”.

Daha sonra prosesdə Bədən Tərbiyəsi Akademiyasının tələbəsi Xalid Bəyməmməov ifadə verib. O, aprel ayının əvvəllərindən faktla bağlı təqsirləndirilən Nadir Əliyevlə bir evdə kirayə qalırmış: “Onu dönərsatan kimi tanıyırdım. Hərdən evə tez gəlirdi, hərdən də gec gəlirdi. Hərdən də ümumiyyətlə gəlmirdi”.

X. Bəyməmmədov bildirib ki, aprelin 29-u Nadir Əliyev işə gedərkən telefonunu yadından çıxararaq evdə qoyub. Telefon səssiz rejimdə olub. Həmin axşam Nadir Əliyev evə gəlməyib.

Ayın 30-u Xalid həmişəki ki dərsə gedib. Evə gələndə isə görüb ki, telefon evdə yoxdur. Gecə saat 12 radələrində isə Nadir Əliyev polislərlə birgə evə gəlib. Polis evə baxış keçirib və hər iki şəxsə deyib ki, sabah hər ikiniz də ADNA-ya gəlib ifadə verməlisiniz.

Xalid onu da qeyd edib ki, Nadiri namaz qılan adam kimi tanıyıb: “Bir iki dəfə onu namaz qılan yerdə görmüşəm”.

Daha sonra prosesdə ADNA-nın müəllimi Gülnaz Kərimova ifadə verib. O bildirib ki, həmin günü 6-cı mərtəbədə olub.

“Səs eşitdim. Çıxdım dəhlizə. Gördüm ki, bir nəfər divara sıxılıb, silahı da mənə tuşlayıb. Tez qapını bağladım girdim içəri. 5-6 dəqiqədən sonra güllə səsi eşitdim. Çölə çıxanda gördüm ki, Fərda yerə yıxılıb, xırıltılı səsləri gəlir. Can verirdi. Sonra polislər gəldi”.

İfadə verən ADNA-nın tələbəsi Anar Məmmədhəsənov isə hadisə vaxtı 4-cü mərtəbədə olub. O bildirib ki, səsə dəhlizə çxıanda görüb ki, tələbə Savalan Cabbarov naməlum silahlı şəxsin üstünə hücum edib.

“Fərda qaçdı, Savalan da onu arxadan tutdu. Bu vaxt Fərda fırlanıb, əvvəlcə Savalanın bir dəfə boynuna, sonra da bədəninə dörd dəfə atəş açdı”.

Daha sonra ADNA-nın assistenti Gülnarə Bağırova da oxşar ifadə verib.

İfadə verən Marneuli sakini Əziz Qaçayev isə bildirib ki, o, təqsirləndirilən şəxslərdən Qabulovdan başqa hamısnı tanıyır.

“Aprlein 11-i işdəydim. Nadir zəng vurdu ki, gəl görüşək işimiz var. Nərimanov metrostansiyasının yanında görüşdük. Yanında Fərda da var idi. Onu 10 il idi ki, görmürdüm. Bildirdilər ki, “Eko” barına getmək istəyirlər. Dedilər sən də bizimlə gəl. Mən razılaşmadım. Dedim qapısına qədər gedərəm, amma içəri girmərəm. Getdik bara. Fərda barın qapısının ağzında bir qızla görüşüb nə isə söhbət elədi. Sonra qızla birgə girdi içəri. Nadirin isə pulu olmadığına girə girə bilmədi. Mən isə geri qayıtdım”.

Ə. Qaçayevin sözlərinə görə, Nadir əvvəl də ona cinsi əlaqədə olmaq üçün qız axtardıqlarını bildirib. “Nadir mənə demişdi ki, Biləcəridə bara gediblər. Amma ordakı qızları bəyənməyiblər”.

Dövlət ittihamçısı Ə. Qaçayevdən Fərdanın kənddə necə tanınması barədə soruşub. Şahid isə bildirib ki, Fərda rayonda “qız Fərda” kimi tanınırmış.

Məhkəmədə ifadə verən Nadir Əliyevin iş yoldaşı Rövşən Abbasov bildirib ki, Nadir ayın 30-u adi qaydada saat 8:50 radələrin işə gəlib. ADNA-da baş verən hadisəni isə radiodan eşidiblər. Hadisədən 30 dəqiqə sonra Nadir müdirə qohumun əməliyyat olunğunu bildirərək işdən icazə alıb. N. Əliyevin getməsindən təxminən 40 dəqiqə sonra isə polislər şirniyyat sexinə gələrək Nadiri soruşublar.

Məhkəmə prosesi mayın 11-i davam edəcək.

Xatırladaq ki, Cinayət işi üzrə təqsirləndirilən 4 nəfərdən Cavidan Amirov Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Nadir Əliyev və Nəcəf Süleymanov CM-nin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Ariz Qabulov isə CM-nin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham olunurlar.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Qeyd edək ki, 2009-cu il aprelin 30-da baş veriən qanlı hadisədə F.Qədirovun ADNA-nın ikinci korpusuna daxil olaraq inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfəri ölüb, 13 nəfər yaralanıb. O, daha sonra özünü vuraraq intihar edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar