Macarıstanda Xocalı soyqırımının 20-ci ildönümü qeyd olunub
17 Fevral 2012 Cümə 17:15
Budapeştdə keçirilən konfransda Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib.
Azərbaycanın Macarıstandakı səfirliyi və mərkəzi ofisi Budapeştdə yerləşən Soyqırımı və Kütləvi Qırğının Beynəlxalq Səviyyədə Qarşısının Alınması üzrə Fondun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir baş tutub. “Təcrübədə soyqırımı və kütləvi qırğının qarşısının alınması; Qərbi Balkanlarda və Cənubi Qafqazda beynəlxalq yurisdiksiyanın rolu” adlı beynəlxalq konfrans keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Xocalı faciəsi beynəlxalq təşkilatların nümayəndələri və beynəlxalq hüquq üzrə tanınmış ekspertlər tərəfindən müzakirə edilib. Konfransın iştirakçıları arasında Avropa İttifaqının, Yuqoslaviya üzrə beynəlxalq tribunalın rəsmiləri, BMT və ATƏT-in keçmiş səfirləri, ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin başçıları, ictimai-siyasi xadimlər və jurnalistlər olub.

Konfransı giriş sözü ilə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Fondun direktoru Dyörd Tatar açıblar. Xocalı və Srebrenitsa qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Beynəlxalq hüquq üzrə tanınmış mütəxəssis, Macarıstan EA-nın akademiki Həmzə Qaborun moderator olduğu “Cənubi Qafqazda imkanlar və çağırışlar” bölməsində Ferrara universitetinin professoru Serena Forlatti (İtaliya), Leçestr Universitetinin professoru Pol Behrens (Böyük Britaniya), Azərbaycan Respublikasının insan haqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xüsusi işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov, Xocalı soyqırımının şahidi, jurnalist Səriyyə Müslümqızı çıxış edərək XX əsrin insanlığa qarşı işlənmiş ən qəddar cinayətlərindən biri olan Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.

Macarıstan xarici işlər nazirinin keçmiş müavini, Korvinus Universitetinin professoru Andre Erdöşün rəhbərliyi altında keçən “Qərbi Balkanlarda və Cənubi Qafqazda beynəlxalq güclərin məsuliyyəti” adlı üçüncü paneldə Avropa Birliyinin təmsilçisi Yonas Yonsson, ATƏT-in Bakı Ofisinin keçmiş rəhbəri, səfir Aleksandr Kornelisson (Niderland), Azərbaycanın Macarıstandakı Səfirliyinin müşaviri Anar İmanovun çıxışları dinlənilib.

Müzakirələrdə Macarıstan ombudsmanı Mate Sabo, habelə Macarıstan Parlamentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Xarici İşlər Nazirliyinin, İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun xüsusi koordinatoru və bir sıra digər iştirakçılar çıxış ediblər.

Beynəlxalq konfrans iştirakçılarına Xocalı soyqırımı barəsində sənədli film nümayiş etdirilib. Soyqırımı və Kütləvi Qırğının Beynəlxalq Miqyasda Qarşısının Alınması Fondunun rəhbəri Dyörd Tatar və səfir Vilayət Quliyev konfransın işinə yekun vurublar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar