Luvr muzeyinin direktoru Anri Luaret: “Azərbaycan mədəniyyətindən zövq alıram”
04 May 2011 Çərşənbə 13:10
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Luvr muzeyinin direktoru Anri Luaretlə görüşüb.
APA-nın məlumatına görə, görüşdə Fransanın Azərbaycandakı səfiri Qabriel Keller də iştirak edib.
Qonağı yenidən Azərbaycanda görməkdən məmnun olduğunu deyən Ə. Qarayev A. Luaretin Bakıya son səfərindən sonra Luvr muzeyi ilə sıx əməkdaşlığın formalaşdığını deyib. Nazir bildirib ki, son illər Azərbaycanla Fransa arasında ikitərəfli əməkdaşlıq genişlənib, ölkə rəhbərləri müxtəlif sahələrdə geniş əməkdaşlıq ediblər: “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri seçiləndən sonra iki ölkə arasında mədəni əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr sırasında Mədəniyyət və Turizm Nazirliyi ilə Luvr muzeyi arasında əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan mədəniyyətinin təbliğatı istiqamətində Luvr muzeyi ilə yeni layihələrə başlayacağıq”.
Anri Luaret isə 4 ildən sonra yenidən Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə edib. 2007-ci ildə Bakıya ilk səfərini xatırlayan muzey direktoru bu müddət ərzində ölkədə xeyli inkişafın olduğunu deyib. A. Luaret tikintisi başa çatmaqda olan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binası ilə tanış olduğunu da söyləyib: “Muzeyin yeni binasının tikintisi ilə tanış oldum. Oranın direktoruna da dedim ki, açılışdan sonra birgə işlər həyata keçirək, xalça muzeyi ilə əməkdaşlığa başlayaq. Bundan başqa Luvr muzeyinin ekspozisiyanın Azərbaycanda sərgilənməsini düşünürük”.
Anri Luaret Azərbaycan mədəniyyətindən zövq aldığını da dilə gətirib. apa
DOSTLARINLA PAYLAŞ: