Lökbatan qəsəbəsində baş verən dəhşətli yol qəzası ilə bağlı cinayət işi başlanıb
31 Avqust 2012 Cümə 12:30
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Bakının Qaradağ rayonunda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, avqustun 31-də saat 07:30-da Bakı-Ağstafa marşrutu ilə hərəkət edən sərnişin qatarı Qaradağ rayonu ərazisində hərəkətdə olarkən “Daewoo” markalı, 10 TF 427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub. Dərhal hadisə yerinə Daxili İşlər, Səhiyyə, Nəqliyyat nazirliklərinin və digər qurumların əməkdaşları gələrək qəzanın aradan qaldırılması, qəza nəticəsində xəsarət alan şəxslərə təcili tibbi yardım göstərilməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Fakta görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 262.3-cü (Dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) və 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yeri və meyitlərə baxış keçirilib və digər zəruri hərəkətlər aparılıb. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, 47 nəfər tibbi yardım göstərilməsi üçün şəhər Klinik Tibbi Mərkəzə və Travmatologiya xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan artıq 18 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılmış, 26 nəfərinin isə müalicələri davam etdirilir, onlardan 10-nun vəziyyəti orta ağır və ağırdır.
Hazırda şəhər prokurorluğunun istintaq idarəsində iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.
Baş Prokurorluqda (493-72-80), Daxili İşlər Nazirliyində (493-62-64), Səhiyyə Nazirliyində (565-12-75) nömrəli “Qaynar xətt” əlaqə mərkəzləri fəaliyyət göstərir.
DOSTLARINLA PAYLAŞ: