Liviyadan qayıdan azərbaycanlılar danışdı
25 Fevral 2011 Cümə 11:56
Nigar Şükürova: "Çox böyük problemlə Liviyadan çıxdıq"
Liviyada iğtişaşlar başlandığı gündən bu ölkədə yaşayan 12 Azərbaycan vətəndaşı bu gün səhər saatlarında vətənə qayıdıb. Liviyanı tərk edən azərbaycanlı Sevda Fərəcova ANS-ə açıqlamasında ölkədə ümumilikdə vəziyyətin gərgin olduğunu bildirib:
“Amma hakimiyyət iqtidarın nəzarətindədir. Humanitar məsələlərlə bağlı problemlər var. Ölkədən çıxmaq istəyən xarici ölkə vətəndaşları çoxdur. Ölkədən çıxmaqla bağlı da çətinlik mövcuddur. Hava limanlarında çox sayda xarici ölkə vətəndaşları var. Amma Azərbaycan vətəndaşları səfirliyin köməyi ilə hissə-hissə oradan çıxır. Orda azərbaycanlıların sayı çox deyil. Bu gün 12 nəfər gəlib”.
S. Fərəcovanın sözlərinə görə, azərbaycanlılar Ukrayna hökumətinin təşkil etdiyi xüsusi reyslə Kiyevə, Azərbaycanın Ukraynadakı səfirliyinin köməyi ilə isə Bakıya gəliblər.
Bu ölkəni tərk edən daha bir azərbaycanlı Nigar Şükürova da vəziyyətin gərgin, hava limanında böyük problemlər olduğunu təsdiqləyib: “Biz özümüz də çıxa bilmirdik. Çox böyük problemlə Liviyadan çıxdıq və Ukraynanın hərbi təyyarəsi ilə uğurla gəldik”.
Qeyd edək ki, azərbaycanlılar Liviyada əsasən paytaxt Tripolidə yaşayıblar. Onlar təxliyyə edilən zaman bu şəhərdə vəziyyət bir o qədər gərgin olmayıb. Azərbaycanlılar ölkəni tərk etmək istəyərkən hava limanında ciddi problemlərlə üzləşiblər.
Ümumilikdə Liviyada 20-ə qədər Azərbaycan vətəndaşı yaşayır. Onlardan daha 5 nəfərinin bu gün axşam vətənə qayıdacağı gözlənilir. Azərbaycan vətəndaşları Liviyada iğtişaşlar bitəndən sonra yenidən bu ölkəyə qayıtmaq niyyətindədirlər.
DOSTLARINLA PAYLAŞ: