Liviyadakı əməliyyata 75 milyon dollar sərf olunub
06 Aprel 2011 Çərşənbə 02:09
Amerika təyyarələri martın 19-dan indiyədək Liviya üzərində 1600 uçuş həyata keçiriblər
Amerika Hərbi Hava Qüvvələrinin (HHQ) Liviyadakı əməliyyatlardakı iştirakının hər günü 4 milyon dollara başa gəlir. Bunu jurnalistlərə HHQ naziri Maykl Donli bildirib. “Ümumilikdə martın 19-dan bu yana əməliyyata 75 milyon dollar sərf edilib”, - deyə o bildirib. Maykl Donlinin sözlərinə görə, əməliyyata təxminən 50 hərbi təyyarə - qırıcı-bombardmançı, hücumçu və strateji bombardmançılar cəlb edilib. Onlar Liviyadakı hədəflərə raket-bomba zərbələri endiriblər. Daha 39 təyyarə isə yardımçılıq vəzifələrini yerinə yetirib - kəşfiyyat aparıb, havada yanacaq doldurub, Müəmmar Qəddafi qoşunlarının radiostansiyalarını boğmaqla məşğul olub. Amerika təyyarələri martın 19-dan indiyədək 1600 uçuş həyata keçiriblər. Bu uçuşlardan 600-dən çoxu zərbələrin endirilməsi üçün edilibö.

Maykl Donli xatırladıb ki, Barak Obama administrasiyasının qərarı ilə ABŞ HHQ-yə məxsus təyyarələr ötən gündən hərbi missiyalarda iştirak etmirlər. Onlar yalnız müttəfiqlərin aviasiyasına dəstək verirlər.

Eyni zamanda, Birləşmiş Ştatlar Liviyanın “Tomaqavk” qanadlı raketləri ilə atəşə tutulmasını da dayandırıb. Əməliyyat başlayandan bu yana Liviya ərazisinə hər birinin qiyməti 1-1,5 milyon dollar olan 220 belə raket buraxılıb.

Qeyd edək ki, Pentaqon martın 28-nədək ABŞ-ın Liviyadakı hərbi əməliyyata 550 milyon dollar xərcləndiyini açıqlamışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar