Litvadan Qarabağ münaqişəsi ilə bağlı xüsusi bəyanat
21 Mart 2013 Cümə Axşamı 12:45
Sənəddə Cənubi Qafqazdakı bütün tənzimlənməmiş münaqişələrin dinc yolla dövlətlərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində tənzimlənmənin zəruriliyi qeyd olunur.
Litva Seyminin Xarici işlər Komitəsinin Sədri Benediktas Yuodka Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi bəyanatla çıxış edib.
ANS PRESS-in "Trend"ə istinadla verdiyi məlumata görə, bəyanatda Cənubi Qafqazdakı bütün tənzimlənməmiş münaqişələrlə bağlı seymin dəyişməz mövqeyi təsdiq olunur və münaqişələrin dinc yolla dövlətlərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində Litva Respublikası Konstitusiyasının 135.1 maddəsində, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Helsinki Yekun Aktında yer alan ümumi qəbul olunmuş beynəlxalq hüquq prinsiplərinə uyğun tənzimlənmənin zəruriliyi qeyd olunur.
Litva parlamentinin xarici işlər komitəsinin sədri həmçinin, Dağlıq Qarabağ ətrafında münaqişə ilə bağlı tərəfləri BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT), Avropa Şurasının və Avropa Parlamentinin qəbul etdiyi sənədlərə istinad edərək, dinc yolla və beynəlxalq hüquq prinsiplərinə uyğun həll etməyə çağırır.
Bəyanatda 2013-cü ilin ikinci yarısında Avropa İttifaqına Litvanın sədrlik edəcəyi və bu dövrdə Avropa İttifaqının Şərq tərəfdaşlığı siyasəti Litvanın sədrliyinin əsas prioritetlərindən olacağı bildirilir. Şərq Tərəfdaşlığında iştirak edən dövlətlərdə mövcud münaqişələrin ölkələr arasında etimad və əməkdaşlığa ciddi zərbə vurduğu, siyasi və iqtisadi inkişafı əngəllədiyi qeyd edilir. Habelə Avropa İttifaqını və beynəlxalq təşkilatları münaqişənin tənzimlənməsində daha fəal olmağa çağırış edilir.
Azərbaycan və Ermənistanın Avropa İttifaqı ilə Assosiasiya sazişinin imzalanması münaqişənin tənzimlənməsində yeni imkanların açacağına ümid edildiyi ifadə edilir. ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyətinin gücləndirməsinə diqqəti yönəldir.
DOSTLARINLA PAYLAŞ: