Ləziz mağazasında nöqsanlar aşkar edilib
26 Sentyabr 2012 Çərşənbə 16:48
Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Ləziz nişanlı mağazanın istehsal sexlərində dövlət nəzarəti aparılıb.

«APA-Economics»in məlumatına görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə istehsal olunan məhsullar üçün texnoloji təlimat, müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturalar yoxdur. Buna görə də məhsullar vitrinlərdə qeyri-müəyyən müddətədək saxlanılır: «Bundan başqa istehsal olunan məhsullardan kulinariya məmulatlarının, bilinçiklərin, hazır yeməklərin, piçanın, dana bujaninasının, göbələk salatının, dovğanın və s. məhsulların uyğunluq və gigiyenik sertifikatları yoxdur».

Məlumatda bildirilir ki, xammallardan ətin, qara ciyərin baytarlıq və mənşə sənədləri yoxlamaya təqdim edilməyib. Məhsulların saxlanma rejimləri müxtəlif olsa da, onlar eyni anbarda və uyğun olmayan şəraitdə saxlanılır. Həmçinin müəyyən edilib ki, müəssisənin istehsal şəraiti qeyri-qənaətbəxşdir, plovun, isti yeməklərin hazırlandığı yer mövcud sanitariya normalarına cavab vermir və s.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə iradnamə və normativ sənədlərin tələblərinə cavab verməyən məhsul istehsalının satışını qadağan edən tələbnamə verilmişdir, inzibati protokol tərtib edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar