Leyla Əliyevaya ABŞ-da mükafat təqdim ediləcək
01 Noyabr 2011 Çərşənbə Axşamı 11:04
Ona uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə “Key to Life” yüksək mükafatı veriləcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq təşəbbüsünün təsisçisi Leyla Əliyeva ABŞ-ın “Uşaqların Xərçəng və Qan Fondu”nun (CCBF) dəvəti ilə Nyu-Yorkda səfərdədir.
Fondun noyabrın 1-də keçiriləcək illik xeyriyyə toplantısında Leyla Əliyevaya uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə “Key to Life” – “Həyata Açar” yüksək mükafatı təqdim ediləcək. “Uşaqların Xərçəng və Qan Fondu”(CCBF) 1952-ci ildən başlayaraq pediatrik hematologiya və onkologiya sahəsinə davamlı yardımı vasitəsi ilə azyaşlılarda xroniki, həyat üçün təhlükəli olan qan xəstəliklərinin müalicəsi yollarını dəstəkləyir və bu sahədə faəliyyət göstərən ABŞ-ın ən qədim və iri xeyriyyə təşkilatlarından biridir.
Nyu-Yorka səfəri çərçivəsində Leyla Əliyeva pediatrik xərçəng və qan xəstəliklərinin müalicəsində aparıcı tibb ocaqlarından biri olan Nyu-York Presbiterian Xəstəxanasında Uil Kornell Tibb Mərkəzini ziyarət etmiş, burada göstərilən xidmtələrlə tanış olmuşdur. Leyla xanım Mərkəzdə müalicə alan azyaşlı xəstələrə baş çəkmiş, onları Amerikanın ənənəvi “Hallovin” bayramı münasibəti ilə təbrik etmiş, hədiyyələr çatdırıb. Azərbaycanlı qonaq həmçinin Mərkəzin tibb heyəti ilə söhbət edərək, xüsusilə, talassemiyalı xəstələrin müalicəsi və onlara göstərilən qayğı ilə maraqlanıb. Bildirib ki, Azərbaycanda hər 12 nəfərdən biri bu genetik qan xəstəliyinin daşıyıcısı olduğuna görə Heydər Əliyev Fondu talassemiya xəstəliyinin qarşısının alınması üzrə proqramlar həyata keçirir, Bakıda Talassemiya Mərkəzi fəaliyyət göstərir. Uil Kornell Tibb Mərkəzində Talassemiya proqramının direktoru, bu sahədə elmi araşdırmaları ilə tanınan professor Patrisiya Ciardiniya ilə söhbətində Leyla Əliyeva Azərbaycanda genetik qan xəstəlikləri mövzusuna həsr olunan elmi simpoziumun təşkil edilməsi arzusunu bildirmiş, alimi belə bir toplantıda iştirak etməyə və ölkəmizdəki mütəxəssislərlə fikir mübadiləsi aparmağa dəvət etmişdir. Talassemiya üzrə birgə elmi araşdırmalar Leyla Əliyevanın CCBF-in dəstəyi ilə Tibbi Mərkəzdə yaradılan tədqiqat laboratoriyasında keçirdiyi görüşdə də əsas mövzu olmuşdur. Hüceyrəvi Onkologiya Proqramının direktoru Deyvid Liden azərbaycanlı qonağa laboratoriyanın apardığı elmi tədqiqatların nəticələri barədə qısa məlumat vermiş, az müddətdə pediatrik gematologiya-onkologiya sahəsində alınan yeni biliklərin bu növ xəstəliklərin müalicəsinə böyük təkan verdiyini vurğulamışdır. Leyla Əliyeva gələcəkdə Azərbaycandan gələn alimlərin burada birgə araşdırma aparmaq imkanlarına dair Lidenlə fikir mübadiləsi aparmışdır.
DOSTLARINLA PAYLAŞ: